Azərbaycanda ali məktəblərə qəbul sistemi illərdir eyni prinsiplərlə həyata keçirilir. Abituriyentlər müəyyən ixtisas qrupları üzrə imtahan verir və yalnız həmin qrup daxilində seçim etmək hüququ qazanırlar. Lakin son illər bəzi qruplarda keçid ballarının həddindən artıq yüksəlməsi, digərlərində isə aşağı olması qəbul prosesində balans məsələsini yenidən gündəmə gətirib.
Bəs Azərbaycanda da abituriyentlər yalnız seçdikləri ixtisasın əsas fənlərindən imtahan verərək universitetə qəbul ola bilərmi?
Təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hazırda qəbul imtahanları ixtisas qrupları üzrə həyata keçirilsə də, bu sistem qruplar arasında balans yaratmır:
“Düşünürəm ki, qəbul prosesi tamamilə dəyişilməlidir. Bəzi ixtisas qruplarında keçid balları ciddi şəkildə yüksəkdir. Məsələn, 3-cü ixtisas qrupunda plan yerləri azdır. Amma 1-ci və 2-ci qruplarda daha çox plan yeri var və bəzi ixtisaslara 170-180 balla qəbul olmaq mümkündür. Halbuki 3-cü qrupda 200 balı keçən abituriyent belə qəbul ola bilmir. Bu isə qruplar arasında bərabərliyi pozur”.
Ekspert qeyd edib ki, xüsusilə son illərdə 1-ci ixtisas qrupunda abituriyent sayının artması, 3-cü qrupda isə azalması risk faktorundan qaynaqlanır:
“Abituriyentlər riskdən çəkinirlər. Buna görə də ixtisas qruplarında müəyyən tənzimləmələr aparılmalıdır. Məsələn, 4-cü ixtisas qrupunda tibb ixtisası var. Həmin qrupda imtahan verən abituriyent tibbə qəbul ola bilmədikdə məyus olur. Halbuki o, 1-ci ixtisas qrupunun ixtisaslarını da seçə bilərdi”.
Ramin Nurəliyevin sözlərinə görə, qəbul sistemində əsas dəyişikliklərdən biri abituriyentə bir neçə qrup üzrə seçim imkanı yaradılması ola bilər:
“Fənlərin sayında dəyişiklik edilə bilər. Buraxılış imtahanından sonra abituriyent özü seçim etsin. Əgər 4-cü qrup üzrə müsabiqədə iştirak etmək istəyirsə, həmin qrupun əsas fənlərini seçsin. Bu model artıq bəzi ölkələrdə tətbiq olunur. Məsələn, biologiya, fizika və kimyadan imtahan verən abituriyent niyə 1-ci qrupun ixtisaslarını da seçə bilməsin? Çünki həmin qrupda da fizika və kimya var”.
Ekspert əlavə edib ki, biologiyadan imtahan verən şəxs 4-cü qrupla yanaşı, Azərbaycan dili və tarix nəticələrinə əsasən 3-cü qrup üzrə də seçim edə bilər:
“Riyaziyyatdan imtahan verən abituriyent 2-ci qrup üzrə də seçim etməlidir. Bu, o qədər də çətin məsələ deyil. Əsas məqsəd imtahanlarda bərabərliyin təmin olunmasıdır”.
























