Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda R4 və E3 ölkələrinin xarici işlər nazirlərinin ilk birgə görüşünə ev sahibliyi edib.
İNFOAZ.MEDİA xəbər verir ki, görüşdə Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanını birləşdirən R4 qrupu ilə Böyük Britaniya, Fransa və Almaniyadan ibarət E3 formatının nümayəndələri iştirak ediblər. Türkiyənin təşəbbüsü ilə İtaliya da görüşə qoşulub.
İştirakçılar arasında Almaniyanın xarici işlər naziri İohann Vadeful, Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend, Fransanın xarici işlər naziri Jan-Noel Barro, Misirin xarici işlər naziri Bədr Əbdülati, Pakistanın xarici işlər naziri İshaq Dar, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan və İtaliyanın xarici işlər naziri Antonio Tajani yer alıblar.
Görüşdə Fələstin məsələsi, İsrailin yaşayış məntəqələrini genişləndirməsi, məskunlaşanların zorakılığı və iki dövlətli həll perspektivləri müzakirə olunub. Həmçinin Hörmüz boğazında təhlükəsizlik, Yəməndəki vəziyyət, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması və münaqişənin Qara dəniz regionuna yayılmasının qarşısının alınması məsələləri gündəmdə olub.
Hakan Fidanın görüşdə regional təhlükəsizlik məsələlərində region ölkələrinin aparıcı rol oynamasının vacibliyini vurğulaması və İsrailə qarşı beynəlxalq təzyiqlərin artırılmasına çağırış etməsi gözlənilirdi.
Jalə
























