Valideynin işləməməsi və sabit gəlirinin olmaması onu uşağının maddi təminatını ödəmək öhdəliyindən azad etmir.
Bəs belə hallarda alimentin məbləği necə müəyyənləşdirilir?
Mövzu ilə bağlı danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləği şəklində müəyyən edilə bilər. Həmçinin aliment həm sabit pul məbləği, həm də qazancın (gəlirin) müəyyən hissəsi formasında təyin olunur.
Hüquqşünasın sözlərinə görə, aliment ödəməli olan valideynin əmək qabiliyyətli olması, lakin rəsmi iş yerinin və qazancının olmaması onun uşağı saxlamaq vəzifəsini aradan qaldırmır.
Belə ki, valideynin gəlirinin olmaması uşağın maddi təminatından imtina üçün əsas sayıla bilməz. Uşağın saxlanılması hər iki valideynin qanunla müəyyən edilmiş vəzifəsidir və bu öhdəlik valideynin işləyib-işləməməsindən asılı deyil.
Belə hallarda alimentin hansı qaydada və hansı məbləğdə müəyyənləşdirilməsi konkret vəziyyətdən, tərəflərin maddi və ailə vəziyyətindən, eləcə də qanunvericiliyin tələblərindən asılıdır.// Konkret.az
























