Azərbaycanda banklarda nağd xarici valyutanın alqı-satqısı zamanı müəyyən məbləğ hədləri tətbiq olunur. Belə ki, 500 ABŞ dolları ekvivalentindən artıq nağd xarici valyuta satılarkən və 10 min ABŞ dolları ekvivalentindən artıq valyuta alınarkən müştəridən şəxsiyyətini təsdiq edən sənəd tələb edilir.
Bəs bu qaydanın tətbiqində məqsəd nədir və banklar hansı hallarda müştəriləri eyniləşdirməlidir?
Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bu tələb Azərbaycanda uzun müddətdir tətbiq olunur və Mərkəzi Bankın müəyyən etdiyi qaydalarla əlaqəlidir.
Onun sözlərinə görə, sözügedən tələb çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsində bankların üzərinə qoyulan öhdəliklərdən irəli gəlir.
“Bu qayda Azərbaycanda çoxdan mövcuddur və Mərkəzi Bankın tələbləri ilə bağlıdır. Çirkli pulların yuyulmasına qarşı mübarizə haqqında qanunvericiliyə əsasən, bank müştərisini eyniləşdirməli, onun kim olduğunu bilməlidir. Müəyyən edilmiş həddə qədər olan məbləğlər aşağı məbləğ hesab edilir. Lakin məbləğ həmin həddi keçdikdə bank müştərini eyniləşdirməlidir”, – deyə ekspert qeyd edib.
Əkrəm Həsənovun sözlərinə görə, şəxsiyyətin təsdiqinə dair tələbin əsas məqsədi maliyyə əməliyyatlarının şəffaflığını təmin etmək və çirkli pulların yuyulmasının qarşısını almaqdır.
Beləliklə, nağd xarici valyutanın alqı-satqısı zamanı şəxsiyyət vəsiqəsinin tələb olunması bankların müştəriləri tanımaq və maliyyə əməliyyatlarına nəzarət etmək öhdəlikləri ilə bağlıdır.// Konkret.az





