image-pensiya-2-768x403-1backend

Təqaüdçülərə VACİB XƏBƏR: “13-cü pensiya” veriləcək?

Yay mövsümündə pensiyaçıların istirahət, səyahət və tibbi xərclərinin artması onların sosial müdafiəsinin gücləndirilməsi məsələsini yenidən gündəmə gətirir. Bir sıra ölkələrdə tətbiq olunan mövsümi əlavələr və “13-cü pensiya” təcrübəsinin Azərbaycanda da həyata keçirilməsi mümkündürmü?

İqtisadçı Razi Abbasbəyli bildirib ki, dünya təcrübəsində həssas sosial qruplara, xüsusilə pensiyaçılara əlavə maliyyə dəstəyi göstərilməsi geniş yayılıb.

Onun sözlərinə görə, bir çox ölkələrdə “13-cü pensiya” adlanan əlavə ödəniş tətbiq olunur və bu vəsait əsasən yay aylarında pensiyaçıların səyahət, istirahət və tibbi xərclərinin qarşılanmasına yönəlir. Dünya təcrübəsində aşağı gəlirli və həssas kateqoriyaya aid pensiyaçılar üçün 13-cü pensiya təyin edilir. Bu ödənişlər xüsusilə yay aylarında insanların səyahət etməsi, istirahəti və tibbi xərclərinə dəstək məqsədi daşıyır. Adətən belə ödənişlər iyun ayında həyata keçirilir. Bəzi ölkələrdə isə milli bayramlar ərəfəsində pensiya məbləği qədər əlavə vəsait ayrılır.

Ekspert qeyd edib ki, ayrı-ayrı dövlətlər turizm mövsümündə yaşlı insanların sosial aktivliyini artırmaq üçün xüsusi maliyyə dəstəyi proqramları da həyata keçirirlər.

R.Abbasbəylinin fikrincə, Azərbaycanda da analoji mexanizmin tətbiqi mümkündür:

“Xüsusilə minimum pensiya alan şəxslər üçün belə bir dəstək mühüm sosial əhəmiyyət daşıyacaq. Dövlət büdcəsinin imkanları buna şərait yaradır. Müvafiq vəsait ayrılacağı təqdirdə, bu addım təxminən 700 min pensiyaçını əhatə edə bilər”.

O, xarici təcrübədən nümunələr də gətirib:

“Məsələn, Almaniya və ABŞ-də müharibə veteranları üçün müəyyən hallarda ilin sonunda əlavə ödənişlər həyata keçirilir. Bununla yanaşı, bəzi ölkələrdə pensiyaçılara səhiyyə xərclərinin qarşılanması üçün aşağı faizli, uzunmüddətli kreditlər təqdim olunur. Dünya təcrübəsində bu istiqamətdə çoxsaylı nümunələr mövcuddur”.

Razi Abbasbəyli hesab edir ki, Azərbaycanda minimum pensiya alan şəxslər üçün yay aylarında “13-cü pensiya”nın tətbiqi onların həm istirahət, həm də tibbi xərclərinin qarşılanmasına əlavə dəstək verə bilər və bu istiqamətdə mexanizmlərin hazırlanması mümkündür.// Konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki