image-1790340511_1backend

Üstündə “soyuq silah” gəzdirən sərnişinlər – Qadınlardır…

İctimai nəqliyyatda təkcə sıxlıq, tıxac, əsəbi sərnişinlər “göz deşmir”, sözün həqiqi mənasında hər tərəfdən kabus əllər kimi uzanan rəngbərəng, uzun caynağabənzər dırnaqlar da “göz deşir”. Son illərin ekstravaqant dəbi olan uzun dırnaqlar ictimai məkanda əməlli-başlı narahatlıq mənbəyinə çevrilir.

Sual yarana bilər ki, qadınların şəxsi seçimi olan manikür tərzi niyə kiminsə narahatlığına səbəb olsun?

Məsələ burasındadır ki, bu, artıq şəxsi seçim olmaqdan çıxıb, əsl soyuq silah kimi sıx məkanlarda təhlükə saçır.  Çox uzun və iti uclu dırnaqlar sıx avtobus və qatarda digər sərnişinə təsadüfən toxunduqda dərisini nəinki cızar, hətta dəlib keçər də. Bu kəsici-deşici “alət” izdihamda ən kiçik əl-qol hərəkəti zamanı göz və üz nahiyəsinə açıq təhlükədir ki, dəfələrdə də şahidi olmuşuq.

Yəni bu caynaq dəbi niyə başqa ölkədə deyil sırf Azərbaycanda bu qədər populyardır, anlamaq olmur. Yaxud başqa sual: başqa ölkələrin gecə klublarının rəmzi olan caynaqlar niyə bizdə sıradan biri olan, ciddi işdə çalışan ananın əllərini “bəzəməlidir”?

İctimai nəqliyyatda göz deşən dəb

Bu insanlar səhər saat 9 üçün ictimai nəqliyyata tələsirsə, axşam 6-da çıxıb qaça-qaça evinə gəlirsə, demək ki, müntəzəm işdə çalışan insanlardır. Rəngbərəng və həddindən artıq uzun manikür hansı peşələrdə normal sayılır, hansı iş yerlərində dress-kodun sərhədinə dirənir?

Məsələn, bank, məktəb, xəstəxana, market, aviaşirkət, dəmiryolları (xüsusilə kassası)  və ya gözəllik salonu kimi yerlər xidmət sahələridir və burada caynaqlı qadınların çevik və gigiyenik xidmət göstərməsi mümkün görünmür. Bu yaxınlarda market kassasında təxminən 5 sm-lik iti uclu dırnaqlarla kassir heç cür pulun xırda qalığını qaytara bilmədi, yəni o dırnaqları ilə qəpikləri götürə bilmədi. Nəticədə qısa müddətdə kiçik kassanın önü narazı müştərilərlə doldu.

Ümumiyyətlə, Azərbaycanda bütün iş yerləri üçün vahid, eyni şəkildə tətbiq olunan ümumi qayda yoxdur. Dress-kod əsasən işəgötürənin daxili qaydaları, vəzifənin xüsusiyyəti və peşə üzrə gigiyena/təhlükəsizlik tələbləri ilə müəyyənləşir. Əsasən dövlət qurumlarında və brend adı olan özəl şirkətlərdə geyimlərin daha sadə və klassik olması tələbi qoyulur.

Manikürə münasibət şirkətdən-şirkətə dəyişir, bəziləri parlaq laklardan tamamilə imtina etməyi şərt qoyursa, digərlərinə sadəcə qısa olması kifayət edir, amma ortaq nöqtələri odur ki, özünə hörmət edən heç bir ciddi qurum caynaqlı işçi saxlamaz.//Bizim.media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki