Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığı iddia olunur. Bəs bu kampaniyanın arxasında hansı məqsədlər dayanır? Türkiyənin Ermənistanla sərhədləri açması Azərbaycan-Türkiyə münasibətlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Türkiyə Azərbaycanın qardaş ölkəsidir və ayrı-ayrı dairələrin fəaliyyəti iki ölkə arasındakı münasibətlərin mahiyyətini dəyişə bilməz.
Onun sözlərinə görə, Türkiyə daxilində Azərbaycan-Türkiyə münasibətlərini korlamağa, tərəflər arasında soyuqluq yaratmağa çalışan müəyyən qüvvələrin olması mümkündür:
“Xüsusi vurğulamaq lazımdır ki, Türkiyə Azərbaycanın qardaş ölkəsidir. Ola bilər ki, qardaş dövlətin daxilində bəzi dairələr Azərbaycan-Türkiyə münasibətlərini korlamaq, hər iki ölkə arasında soyuq münasibətlərə səbəb olmaq üçün belə kampaniyaya başlayıblar. Düşünürəm ki, bunun heç bir nəticəsi olmayacaq”.
C.Abbaslı qeyd edib ki, Türkiyənin rəsmi mövqeyi Ankara-Bakı münasibətlərinin strateji xarakterini göstərir. Siyasi şərhçi Azərbaycanın Anım Günü ilə bağlı Türkiyə səfirliyinin açıqlamasına və daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zənginə də diqqət çəkib.
“Orada qeyd olunan ifadələr, eləcə də dərin üzüntü ilə ifadə edilən mövqe göstərir ki, Türkiyə Azərbaycanla qardaş olmaq fikrindən heç vaxt vaz keçməyəcək”, – deyə o, bildirib.
Siyasi şərhçinin fikrincə, ayrı-ayrı jurnalistlərin və ya dairələrin mövqeyi dövlətin rəsmi mövqeyi kimi qəbul edilməməlidir:
“Azərbaycan da, Türkiyə də daxilində belə kampaniyalar aparan qüvvələrlə qarşılaşa bilər. Fərdi jurnalistlər tərəfindən bu cür mövqelər səsləndirilir. Belə mövqelər dövlətin mövqeyi kimi qəbul oluna bilməz. Amma istənilən halda Türkiyə tərəfindən Azərbaycana qarşı son günlər aparılan kampaniya, Türkiyə mətbuatında yer alan yazılar bizi dərindən üzür. Hesab edirəm ki, Türkiyədə də dövlət səviyyəsində bu məsələyə ciddi münasibət bildirilməli idi. Antiazərbaycan dairələrinin qarşısı alınmalı, bununla bağlı rəsmi şəkildə mövqe ifadə edilməli idi”.
C.Abbaslı Azərbaycanın proseslərə səbrli yanaşmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, Bakı ilə Ankara arasında mövcud əlaqələrin zədələnməsi hər iki tərəf üçün mənfi nəticələr doğura bilər:
“İstənilən halda Azərbaycan tərəfi də səbrli davranmalıdır. Azərbaycan elə bir ölkədir ki, onunla bütün bağları qırmaq doğru olmaz. Bundan hər iki tərəf zərər görə bilər. Ona görə də prosesləri səbrlə izləmək, yeri gəldikdə isə cavab vermək lazımdır. Azərbaycan müstəqil ölkədir”.
Türkiyənin Ermənistanla sərhədləri açması ehtimalına da toxunan siyasi şərhçi bildirib ki, Ankara ilə İrəvan arasında sərhədlərin açılması məsələsi uzun müddətdir müzakirə olunur. Onun fikrincə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan Türkiyənin sərhədləri açması ehtimalı aşağıdır.
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan qardaş ölkə belə bir addımı atmayacaq. Ancaq sülh müqaviləsi əldə olunandan sonra Türkiyənin bu cür addım atması mümkündür”, – deyə Cavanşir Abbaslı əlavə edib.// konkret.az
























