Qış aylarında süfrələrin sevilən təamlarından biri olan şabalıdı ev şəraitində asanlıqla hazırlamaq mümkündür.
Sobada və ya tavada bişirilən şabalıd həm dadlı, həm də hazırlanması olduqca sadə olan qidalardandır.
Tavada şabalıd necə bişirilir?
Əvvəlcə şabalıdları yaxşıca yuyub qurudun. Daha sonra hər birinin üzərinə bıçaqla uzununa kəsik atın. Yapışmayan tavanı qızdırdıqdan sonra şabalıdları üst-üstə düşməyəcək şəkildə tavaya düzün.
Şabalıdlar bişməyə başladıqda üzərinə təxminən yarım stəkan su səpin və tavanın qapağını örtün. Orta istilikdə, çox qarışdırmadan təxminən 20 dəqiqə bişirin. Hazır olduqdan sonra soyumadan süfrəyə verə bilərsiniz.
Sobada şabalıd resepti
Lazım olan ərzaqlar:
* 500 qram şabalıd
* İsti su
Şabalıdların hər birinin ortasına uzununa kəsik atın və isti suda təxminən 10 dəqiqə saxlayın. Daha sonra şabalıdları soba nimçəsinə düzün.
Əvvəlcədən 250 dərəcəyə qədər qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Bişdikdən sonra qabığından asanlıqla ayrılan yumşaq və ləzzətli şabalıd hazır olacaq.
Şabalıdın faydaları
Şabalıdın tərkibində müxtəlif vitamin və mineralların olduğu bildirilir. Onun immun sistemini dəstəkləməsi, həzm prosesinə kömək etməsi, qan təzyiqinin nəzarətdə saxlanmasına və beyin fəaliyyətinin dəstəklənməsinə töhfə verməsi qeyd olunur.
Şabalıd həmçinin digər çərəzlərdən fərqli olaraq tərkibində daha çox karbohidrat və nisbətən az yağ ehtiva edən qidalardan biridir. Buna görə də xüsusilə soyuq aylarda enerji mənbəyi kimi geniş istifadə olunur.
“Kestane kebap, yeməsi sevap” ifadəsi də Türkiyədə şabalıdın xüsusilə qış aylarında sevilərək yeyilməsinə işarə edən məşhur deyimlərdən biridir.// Demokrat.az
























