Özünüməşğulluq proqramında maldarlıqla bağlı yeni zərf tətbiq olunur. Proqrama cəlb edilən şəxslərə damazlıq inəklər veriləcək.
Bu barədə Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, maldarlıq istiqaməti üzrə proqrama cəlb olunan və cins damazlıq heyvanların saxlanması üçün uyğun şəraiti, eləcə də bu sahədə müəyyən təcrübəsi olan şəxslərin hər birinə “Simmental” və “Holstein” cinslərindən 2 baş inək veriləcək.
Yeni zərfin tətbiqində məqsəd özünüməşğulluq proqramı çərçivəsində yaradılacaq maldarlıq təsərrüfatlarında məhsuldarlığı artırmaq və təsərrüfat sahiblərinin gəlir imkanlarını genişləndirməkdir.
Qeyd olunub ki, cins damazlıq heyvanların saxlanma şərtləri fərqli olduğundan, müraciət edən vətəndaşların təsərrüfat şəraiti əvvəlcədən qiymətləndiriləcək. İlkin monitorinq zamanı heyvanların saxlanılacağı tövlənin vəziyyəti, ölçüləri və havalandırma şəraiti nəzərdən keçiriləcək.
Həmçinin proqram iştirakçılarının seçimi zamanı onların maldarlıq sahəsində təcrübəsi, bilik və bacarıqları da nəzərə alınacaq.
























