İntensiv yağışlardan sonra yığılan sular bəzi ərazilərdə hələ də çəkilməyib…
Görüntülər Abşeron rayonun Masazır qəsəbəsi Məmməd Araz küçəsindəndir.
Sakinlərin sözlərinə görə, yağışlardan sonra ərazidə qrunt sularının və çirkab suların səviyyəsi daha da artıb. Bəzi sakinlər hətta əşyalarını belə evlərindən çıxarmaqda çətinlik çəkirlər.
Su dolan bəzi evlərdə yaşamaq mümkün olmadığından ailələr başqa yerə köçüb.
Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, hazırda həmin küçə də daxil olmaqla bir sıra yaşayış massivlərində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Buna baxmayaraq əməkdaşlar tərəfindən ərazidə mütəmadi xidmət təşkil olunur və nasoslar vasitəsilə toplanmış suların çəkilməsi istiqamətində işlər görülür. Gələcəkdə bu kimi problemlərin təkrarlanmaması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.// Xezerxeber.az
























