“Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də “çoxuşaqlı ailə” anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaqlı ailə hesab edilməsi nəzərdə tutulur”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, hazırda “Əmək pensiyaları haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan ailələr üçün müəyyən güzəştlər tətbiq edilir:
“Belə ailələrdə anaların, bəzi hallarda isə ataların pensiya yaşı beş il azaldılır. Yəni həmin şəxslər ümumi qaydada müəyyən edilmiş 65 yaş deyil, 60 yaşında pensiyaya çıxmaq hüququ əldə edə bilirlər. Eyni zamanda, sosial müavinətlər haqqında qanunvericiliyə əsasən, beşdən çox uşağı olan ailələrə dövlət büdcəsi hesabına sosial müavinət ödənilir.
Bizim təklifimiz çoxuşaqlı ailə anlayışının mərhələli şəkildə dəyişdirilməsini nəzərdə tutur. Belə ki, sosial müavinətlərin təyin edilməsi üçün mövcud meyarın altı uşaqdan üç uşağa, pensiya yaşına tətbiq olunan güzəştlər üzrə isə beş uşaqdan üç uşağa endirilməsi təklif olunur.// baku.ws
























