Havaların isinməsi ilə kondisionerlər yenidən istifadəyə verilib. Lakin isti mühitdən qəfil şəkildə çox sərin kondisionerli otağa keçmək və ya əksinə, ürək-damar sağlamlığı üçün risk yarada bilər.
Elmi araşdırmalara görə, yay aylarında ürək tutması riski təkcə yüksək temperaturla bağlı deyil, ani istilik dəyişiklikləri də buna səbəb ola bilər.
Mütəxəssisin sözlərinə görə, qəfil temperatur fərqi qan damarlarının sürətlə daralmasına səbəb olur və bu da ürəyin iş yükünü artırır. Xüsusilə ürək-damar xəstəlikləri olan şəxslərdə bu vəziyyət ürək tutmasını tətikləyə bilər. Buna görə də çox isti yerdən birdən-birə çox soyuq məkana keçmək, tərləyən halda kondisionerin qarşısında oturmaq və ya onun altında yatmaq məsləhət görülmür.
Aşağıdakı əlamətlər yaranarsa, dərhal xəstəxanaya müraciət etmək tövsiyə olunur:
Sinə ağrısı
Qəfil təzyiq enməsi və ya yüksəlməsi
Nəfəs darlığı
Bayılma hissi
Ürək-damar sağlamlığını qorumaq üçün kondisionerdən istifadə zamanı otaqla çöl arasındakı temperatur fərqinin 5-6 dərəcədən çox olmamasını tövsiyə edilir. Kondisionerin 24-26°C arasında tənzimlənməsi məsləhətdir. Əsas məqsəd çox soyuq deyil, sərin mühit yaratmaqdır.
Həmçinin soyuq havanın birbaşa sinəyə vurmasına yol verilməməli, gecə boyu kondisioneri işlətmək əvəzinə otaq havalandırılmalı və kifayət qədər su içilməlidir.
Kondisionerlərin filtrində toplanan bakteriya, göbələk və digər zərərli hissəciklər havanı çirkləndirə bilər. Çirkli filtrlər xüsusilə ürək, təzyiq və diabet xəstələri üçün təhlükə yaradır. Filtrlərin mütəmadi təmizlənməsi və dəyişdirilməsi vacibdir.
Qeyd edək ki, yay aylarında qida zəhərlənmələri, günvurma, hovuzlardan keçən infeksiyalar və susuzlaşma kimi problemlərin də daha çox müşahidə edildiyi vurğulanır.
























