image-qarpiz_2024_a-768x403backend

Azərbaycanda qarpız ucuzlaşdı: Bazarlarda son qiymətlər

Paytaxt bazarlarında artıq yerli istehsal olan qarpızların satışına başlanılıb.

Məhsulun böyük hissəsi Sabirabad rayonu ərazisində yetişdirilir. Hazırda qarpızın bir kiloqramı təxminən 80 qəpikdən 1 manata qədər dəyişən qiymətlərlə alıcılara təqdim olunur.

Satıcıların sözlərinə görə, təxminən iki həftə əvvələ qədər bazarda əsasən İrandan idxal edilən qarpızlar üstünlük təşkil edirdi, lakin indi yerli məhsulların payı xeyli artıb. Alıcıların bir qismi qiymətlərin yüksək olduğunu düşünsə də, digərləri mövcud qiymətləri normal hesab edir.

Bəs bu qarpızlar hazırda nə dərəcədə təhlükəsizdir? 

Sualına cavab olaraq qida təhlükəsizliyi sahəsində mütəxəssis Eyyub Hüseynov qarpız seçərkən ehtiyatlı olmağın vacibliyini bildirib.

Onun sözlərinə görə, məhsulda nitratın miqdarı normadan artıq olduqda və belə qarpız çox istifadə edildikdə sağlamlıq problemləri yarana bilər. Ekspert qeyd edib ki, həddindən artıq nitrat tərkibli qarpızlar adətən iri ölçülü olur, qabığı qalın görünür, iç hissəsi açıq çəhrayı rəng alır və lifləri daha qabarıq seçilir. Belə qarpızlar kəsilərkən də asanlıqla çatlamır.

Satıcıların sözlərinə görə, yaxın günlərdə qarpızın bazara daha çox həcmdə çıxarılması gözlənilir. Təklifin artması ilə birlikdə qiymətlərdə də müəyyən ucuzlaşmanın baş verəcəyi proqnozlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki