Yay mövsümünün gəlişi ilə turizm sektorunda canlanma müşahidə olunur, lakin artan tələbatla paralel olaraq otel qiymətlərində və tur paketlərində ciddi bahalaşma qeydə alınır, bu isə xüsusilə orta gəlirli ailələrin istirahət planlarını yenidən gözdən keçirməsinə səbəb olur.
Mövzu ilə bağlı danışan turizm eksperti Rəhman Quliyev bazardakı mövcud vəziyyət, ötən illə müqayisədə qiymət fərqləri və əlçatan seçim imkanları barədə sualları cavablandırıb.
Onun sözlərinə görə, paytaxt sakinləri, xüsusilə də işğaldan azad olunmuş ərazilərə böyük maraq göstərirlər. R.Quliyev vurğulayıb ki, Kəlbəcər, Şuşa, Xankəndi, Zəngilana gedənlərin sayı daha çoxdur: “Yay tətilinin uzunmüddətli olması səbəbindən Azərbaycanda, xüsusən də ən ucqar nöqtələrə səfərlər artır.
Otellərlə yanaşı, rayonlarda yaşayan sakinlər öz evlərini də gələn turistlərə kirayə verirlər. Bu, həm müxtəlif kateqoriyadan olan turistlər üçün səyahəti daha əlçatan edir, həm də otel qiymətlərində müəyyən nizam və sabitlik yaradır. Eyni zamanda, bu proses yerli sakinlərin sosial rifahına xidmət edir və iqtisadi inkişafa töhfə verir.
Turistlər kəndlərdən kənd məhsulları da alırlar ki, bu da birbaşa həmin ərazilərdə yaşayan insanların sosial rifahına müsbət təsir göstərir”.
Ekspertin fikrincə, qiymətlərdə artım müşahidə olunsa da, bu, kəskin bahalaşma deyil və əsasən artan tələbatla bağlı dəyişiklik kimi qiymətləndirilməlidir:
“Ümumilikdə qiymət müqayisəsinə baxdıqda müəyyən artım müşahidə oluna bilər, lakin bu artımı ciddi və kəskin hesab etmirəm. Daha çox tələb artımından irəli gələn dəyişikliklərdir. Mən əsasən yerləşmə sayının artmasını vurğulamaq istəyirəm.
Azərbaycanda yerli sahibkarlara və investorlara yaradılan əlverişli şərait mühüm amildir. Bu şərait nəticəsində rayon sakinləri öz evlərinin yanında kiçik tipli yerləşmə yerləri inşa edir, turistlərə təqdim edirlər. Eyni zamanda aşağı büdcəli otellər də tikilir.
Yerləşmə imkanları nə qədər çox olarsa, qiymətlər bir o qədər sabitləşir və aşağı düşə bilir, turist axını isə artır. Bu gün dövlət tərəfindən yaradılan şərait olmasaydı, qiymət artımı qaçılmaz ola bilərdi. Çünki yeni imkanlar və yeni yerləşmə yerlərinin açılması birbaşa olaraq qiymətlərə təsir göstərir.
Nəticə etibarilə, vətəndaşlar öz evlərini kirayə verməklə gəlir əldə edirlər, turistlər isə həm fərdi evlərdə, həm də aşağı büdcəli otellərdə rahat şəkildə yerləşə bilirlər”.// Yeni Sabah
























