“Boşanmaq evliliyin mümkün nəticələrindən biridir. Ona görə də insan evlənərkən yalnız “Necə ailə quracağam?” sualını deyil, “Bir gün ayrılsaq, bunu necə idarə edəcəyəm?” sualını da düşünməlidir. Boşana biləcəyiniz insanlarla evlənin. Çünki boşanmaq cütlük münasibətinə aiddir, valideynliyə yox.
Uşaq dünyaya gətirən valideynlər onun həm maddi, həm də mənəvi təminatına görə məsuliyyət daşıyırlar. Boşanma bu məsuliyyəti ləğv etmir. Əksinə, münasibət bitdikdən sonra valideynlik məsuliyyəti daha aydın görünməlidir. Aliment uşağa verilən sadəcə pul deyil. Aliment valideynin övladına qarşı maddi məsuliyyətidir. Bu məsuliyyəti uşağın qarşısında müzakirəyə çıxarmaq uşağı valideynlər arasındakı problemin mərkəzinə qoyur”.
Bu fikirləri klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov İNFOAZ.MEDİA-ya açıqlamasın da səsləndirib:
“Uşaq valideynlərindən birinin tərəfini seçmək məcburiyyətində qalanda psixoloji təzyiq yaşayır. Maddi sıxıntını görür, valideynlərinin bir-birini ittiham etdiyini eşidir və özünü bu problemin bir hissəsi kimi hiss edir. “Aliment niyə verilmir?”, “Atan niyə pul göndərmir?”, “Anan niyə belə edir?” kimi suallar uşağın təhlükəsizlik hissini zədələyir. Uşaq özünü günahkar hiss edir. “Mən problem yaradıram”, “Mənə görə valideynlərim mübahisə edir”, “Mənim ehtiyaclarım yükdür” düşüncələri formalaşır.
Valideynlər uşağı bir-birinə qarşı təzyiq və manipulyasiya vasitəsinə çevirdikdə uşağın psixoloji sərhədlərini pozurlar. Uşaq vasitə deyil. Mesaj daşıyıcısı deyil. Təzyiq aləti deyil. Valideynlər arasındakı problemin tərəfi deyil. Davamlı gərginlik uşağın psixikasında xroniki stress yaradır. Uşaq özünü güvənsiz, günahkar və narahat hiss edir. Yuxu problemləri, diqqət və konsentrasiya çətinlikləri, aqressiya, içəqapanma, məktəbə adaptasiya problemləri, ayrılıq qorxusu və emosional qeyri-sabitlik ortaya çıxır. Uzunmüddətli stress depressiv simptomların və digər psixoloji problemlərin riskini artırır”.
Psixoloq qeyd edir ki,uşaq valideynlərinin münasibət modelini gələcək münasibətlərinə daşıyır.
“Münaqişəni münasibətin normal hissəsi, məsuliyyətsizliyi valideynliyin adi forması, manipulyasiyanı isə münasibət qurma üsulu kimi öyrənir. Nəticədə ya zərərli münasibətlərdə qalır, ya da yaxın münasibətlərdən qaçır. Valideynlər boşanır. Uşaq isə boşanmanın nəticəsi olaraq uşaqlığını itirməməlidir. Cütlük bir-birindən boşanır. Valideyn övladından boşanmır.
Nikah bitir, valideynlik bitmir. Münasibət bitir, məsuliyyət bitmir. Aliment ödənilir və ya ödənilmir, amma valideynlik məsuliyyəti davam edir. Uşağın ehtiyacı valideynlərindən birinin digərinə qalib gəlməsi deyil. Uşağın ehtiyacı hər iki valideyninin valideyn olaraq qalmasıdır”.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























