Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Yaponiyanın BMT tərəfindən qəbul edilən yeni dünya xəritəsində Kuril adalarının Rusiyanın ərazisi kimi göstərilməsinə etirazını şərh edib.
Uşakov jurnalistlərin Yaponiyanın xəritənin dəyişdirilməsi tələbi ilə bağlı sualını cavablandırarkən Tokionun mövqeyini sərt şəkildə tənqid edib.
“Bu nə cəfəngiyyatdır, sadəcə cəfəngiyyatdır”, – deyə Rusiya prezidentinin köməkçisi bildirib.
Qeyd edək ki, daha əvvəl The Guardian qəzeti Yaponiyanın yeni BMT xəritəsi ilə bağlı etiraz etdiyini yazıb. Tokio Kuril adalarının xəritədə Rusiyanın ərazisi kimi göstərilməsindən narazılığını ifadə edərək, bunun düzəldilməsini tələb edib.
BMT Baş Assambleyası daha əvvəl dövlətləri, beynəlxalq təşkilatları və digər qurumları qitələrin, xüsusilə Afrikanın ölçülərini daha dəqiq əks etdirən Equal Earth kartoqrafik proyeksiyasından daha geniş istifadə etməyə çağıran qətnamə qəbul edib.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























