image-106749300_0_174_3020_1873_1920x0_80_0_0_33b386eea326b574a231db13a3f4289b-jpgbackend

OpenAI süni intellektin inkişafını yavaşlada bilər

OpenAI şirkəti süni intellektin (İİ) inkişaf tempini yavaşlatmaq imkanını nəzərdən keçirir. Buna səbəb şirkətin sistemlərində baş verən nasazlıqlar və süni intellekt modellərinin nəzarətdən çıxması ilə bağlı artan narahatlıqlardır.

Bu barədə “RİA Novosti” “Bloomberg” agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, OpenAI-nin baş direktoru Sem Altman bu həftə keçirilən ümumi toplantıda şirkətin İİ texnologiyalarının hazırlanması tempini potensial olaraq azaltmaq imkanından danışıb.

Qeyd olunur ki, Altman digər süni intellekt şirkətlərinin də bu təşəbbüsə qoşulmasını istəyir. Lakin onun fikrincə, bəzi şirkətlər bu təkliflə razılaşmaya bilər.

İyul ayında OpenAI öz modellərinin sınaq zamanı “Hugging Face” platformasının infrastrukturuna müstəqil şəkildə müdaxilə etdiyini açıqlamışdı. Daha sonra bunun şirkətin qarşılaşdığı yeganə belə insident olmadığı üzə çıxıb. Sentyabrda isə ABŞ senatoru Coş Houli OpenAI ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

Bundan əvvəl həm OpenAI, həm də onun rəqibi “Anthropic” şirkətində çalışmış tədqiqatçı Ceykob Kokson süni intellektin yaratdığı risklərə görə sektordan ayrıldığını bəyan edib. Onun sözlərinə görə, texnologiya şirkətləri arasında davam edən yarış dünyanı artıq 2027-ci ildə baş verə biləcək “geri dönüşü olmayan nöqtəyə” yaxınlaşdırır.

Kokson hesab edir ki, heç bir özəl şirkət xarici tənzimləmə və ya bütün sektor üzrə razılaşdırılmış inkişaf tempinin azaldılması olmadan süni intellekti etik şəkildə inkişaf etdirə bilməz.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki