image-1013487_srcbackend

Macarıstan dizel avtomobil sahiblərinə aylıq kompensasiya verəcək

Macarıstan hökuməti yanacağın bahalaşması fonunda dizel mühərrikli avtomobillərin sahiblərinə kompensasiya ödəmək qərarına gəlib.

Baş nazir Peter Madyar bildirib ki, proqram təxminən 1 milyon dizel avtomobil sahibini və onların ailələrini əhatə edəcək. Kompensasiya ilin sonunadək qüvvədə olacaq.

Onun sözlərinə görə, orta hesabla bir ailə avtomobilini ayda bir dəfə yanacaqla doldurur. Dünya bazarında qiymətlərin artması nəticəsində əvvəlki tənzimlənən qiymətlə bazar qiyməti arasındakı fərq təxminən 5 min forint (13,77 avro) təşkil edir. Hökumət bu fərqi hər ay kompensasiya edəcək.

Baş nazir qeyd edib ki, dekabrın sonunadək 150 at gücündən çox olmayan dizel mühərrikli avtomobillərin sahiblərinə ümumilikdə 20 min forint (55 avro) kompensasiya ödəniləcək. Güzəşt kənd təsərrüfatı istehsalçılarına və fərdi sahibkarlara da şamil ediləcək. Bunun üçün istehsalatda istifadə olunan nəqliyyat vasitəsi onların adına qeydiyyatda olmalıdır.

Qeyd edək ki, İran ətrafında yaranmış vəziyyət, dünya bazarına neft tədarükünün pozulması və enerji daşıyıcılarının qiymətinin artması fonunda Macarıstanın əvvəlki hökuməti martın 10-da benzin və dizel yanacağına qiymət tavanı tətbiq etmişdi. Həmin qərara əsasən, Aİ-95 benzinin litri 595 forint (1,57 avro), dizel yanacağının litri isə 615 forint (1,63 avro) müəyyən edilmişdi.

Lakin aprelin 12-də keçirilən parlament seçkilərindən sonra hakimiyyətə gələn Madyarın hökuməti iyunun 17-də əvvəlki kabinet tərəfindən tətbiq edilmiş benzin qiymət tavanını ləğv edib. Hazırda Macarıstanda dizel yanacağının orta qiyməti 677 forint (1,86 avro), Aİ-95 benzininin qiyməti isə 597 forint (1,64 avro) təşkil edir.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki