image-1013450_srcbackend

Süni intellekt raketlərin hazırlanmasına cəlb edildi – Anthropic-dən şok hesab

ABŞ-nin süni intellekt şirkəti Anthropic Yəmənin şimalında fəaliyyət göstərən bir qrupun “Claude” süni intellekt modelindən idarə olunan və ballistik raketlər üçün proqram təminatının hazırlanmasında istifadə etdiyini açıqlayıb.

Şirkətin yayımladığı təhlükələrə dair hesabatda bildirilir ki, qrup “Claude Code” vasitəsilə raketlərin istiqamətləndirmə, naviqasiya və idarəetmə sistemləri üçün proqram təminatı hazırlayıb. İştirakçılar süni intellektdən kod yazmaq, idarəetmə sistemlərini sazlamaq və uçuş simulyasiyalarını həyata keçirmək üçün yararlanıblar.

Anthropic-in məlumatına görə, qrup eyni vaxtda “Claude”un bir neçə nümunəsindən istifadə edib. Nümunələrdən biri kod yazıb, digəri araşdırma aparıb, üçüncüsü isə hazırlanmış nəticələri yoxlayıb.

Şirkət qrupun işlək silah sistemi yaratdığına dair sübutlarının olmadığını vurğulayıb. Bununla belə, iştirakçıların idarə olunan raketin sınaq buraxılışını həyata keçirdiyi bildirilir. Sınağın uğursuz olduğu ehtimal edilir. Belə ki, buraxılışdan bir neçə saat sonra qrup üzvləri problemin səbəbini müəyyənləşdirmək üçün yenidən “Claude”a müraciət ediblər.

Hesabata əsasən, qrup 2 min kilometrdən çox uçuş məsafəsinə malik çoxmərhələli ballistik raket, həmçinin R2000 raketləri üzərində işləyib. R2000 layihəsinin variantlarından birində hipersəs sürüşmə aparatının istifadəsi nəzərdə tutulub.

Anthropic bildirir ki, “Claude” bir sıra şübhəli sorğuları bloklayıb. Lakin istifadəçilər təhlükəsizlik mexanizmlərindən yayınmağa çalışaraq öz məqsədlərini və hazırlanan proqram təminatının təyinatını gizlədib, həmçinin işi müxtəlif sessiyalar arasında bölüblər. Bunun nəticəsində ayrı-ayrı sessiyaların heç birində qrupun ümumi məqsədi tam şəkildə üzə çıxmayıb.

Şirkət sözügedən şəxslərlə əlaqəli hesabları bloklayıb və əldə etdiyi məlumatları dövlət və özəl sektordan olan tərəfdaşlarına ötürüb. Bununla yanaşı, Anthropic qeyd edir ki, qrup “Claude”dan və digər mühəndislik hesablama sistemlərindən asılı olmayan ayrıca modelləşdirmə alətləri də hazırlamağa nail olub.

Anthropic hesabatında bu şəxslərin birbaşa husilər olduğunu açıqlamayıb. Lakin Financial Times yazır ki, Yəmənin şimalındakı ərazilərin əhəmiyyətli hissəsinə məhz husilər nəzarət edir.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki