Böyük Britaniyanın İcmalar Palatası sağalmaz xəstəlikdən əziyyət çəkən yetkin şəxslər üçün evtanaziyanın leqallaşdırılmasını nəzərdə tutan qanun layihəsini rədd edib.
Associated Press-in məlumatına görə, dörd saat davam edən müzakirələrdən sonra keçirilən səsvermədə 286 deputat qanun layihəsinin əleyhinə, 270 deputat isə lehinə səs verib.
Qanun layihəsinə əsasən, İngiltərə və Uelsdə yaşayan, tibbi proqnoza görə ömrünə altı aydan az vaxt qaldığı müəyyən edilən yetkin şəxslər könüllü şəkildə həyatına son qoymaq üçün tibbi yardım almaq imkanına malik olacaqdılar. Bunun üçün iki həkimin təsdiqi və xüsusi ekspert komissiyasının razılığı tələb olunurdu.
Səsvermə evtanaziyanın qanuniləşdirilməsi ilə bağlı Böyük Britaniya parlamentində təxminən iki il davam edən müzakirələrə son qoyub.
Qeyd edək ki, İcmalar Palatası daha əvvəl iki dəfə analoji təşəbbüsü dəstəkləmişdi. Lakin qanun layihəsinin Lordlar Palatasında müzakirəsinin uzanması səbəbindən sənəd qanuna çevrilməmişdi.
Böyük Britaniya hökuməti isə məsələ ilə bağlı neytral mövqe tutub.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























