Rusiya dördüncü il ardıcıl olaraq nüvə silahlarının daşıyıcılarında yerləşdirilən nüvə başlıqlarının sayını artırıb.
Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarında bildirilir.
SIPRI-nin hesablamalarına görə, 2026-cı ildə Rusiyanın ümumi nüvə arsenalı 5420 başlıqdan ibarət olub. Onlardan 2604-ü anbarda saxlanılır, 1020-si “silinmiş” kateqoriyasına aid edilir, 1796 nüvə başlığı isə raketlər və bombardmançı təyyarələr üzərində yerləşdirilib.
Məlumata əsasən, Rusiyanın yerləşdirilmiş nüvə başlıqlarının sayı bir il ərzində 78 ədəd artıb. Nüvə arsenalına görə Rusiya ilə müqayisə edilə bilən ABŞ-da isə bu göstərici dəyişməyərək 1770 olaraq qalıb. Fransa və Böyük Britaniya da daşıyıcılarda yerləşdirilən nüvə başlıqlarının sayını artırmayıb. Bu ölkələrdə müvafiq göstərici 280 və 170-dir.
Çin isə yerləşdirilmiş nüvə başlıqlarının sayını 24-dən 34-ə yüksəldib. Hindistan ilk dəfə olaraq 12 nüvə başlığını yerləşdirilmiş vəziyyətə gətirib. SIPRI-nin qiymətləndirməsinə görə, Hindistanın ümumilikdə 190, Çinin isə 620 nüvə başlığı var.
Rusiyanın yerləşdirilmiş nüvə başlıqlarının sayı Ukraynada müharibənin başladığı dövrdən etibarən hər il artıb. 2022-ci ildə bu rəqəm 1588, 2023-cü ildə 1674, 2024-cü ildə 1710, 2025-ci ildə isə 1718 olub.
Beləliklə, 2020-ci illə müqayisədə Rusiyanın nüvə silahlarının daşıyıcılarında yerləşdirdiyi başlıqların sayı 14 faiz, yəni 226 ədəd artıb. Bu, 2017-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Həmin il Rusiyanın daşıyıcılarda 1950 nüvə başlığı yerləşdirdiyi bildirilirdi.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























