ABŞ Dövlət Departamenti “Ədalət naminə mükafat” proqramı çərçivəsində “Əl-Qaidə” terror təşkilatının yüksək səviyyəli rəhbərləri barədə məlumat verən şəxslərə 10 milyon dollara qədər mükafat vəd edib.
Bu barədə Dövlət Departamentinin 11 sentyabr terror aktlarının 25-ci ildönümü ilə bağlı yayımladığı axtarış posterində məlumat verilib.
Posterə “Əl-Qaidə”nin yüksək səviyyəli üzvləri Seyf əl-Adl, Əbdülrəhman əl-Məğribi və Yasin əl-Suri daxil edilib.
ABŞ tərəfi iddia edir ki, sözügedən şəxslərdən bəziləri İranda gizlənir və “Əl-Qaidə” ABŞ və onun müttəfiqlərinə qarşı zorakı hücumlar həyata keçirmək üçün bu ölkədən sığınacaq kimi istifadə edir.
Dövlət Departamentinin yaydığı açıqlamada qeyd olunub ki, axtarılan şəxslərin yeri və fəaliyyəti barədə məlumat təqdim edənlərə 10 milyon dollara qədər mükafat verilə bilər.
Beləliklə, Vaşinqtonun İranı “Əl-Qaidə” rəhbərlərinə sığınacaq verməkdə ittiham etməsi iki ölkə arasında onsuz da gərgin olan münasibətlər fonunda diqqət çəkib.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























