İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə nüvə məsələsi üzrə danışıqların bərpası barədə göstərişindən sonra mümkün görüş məkanları müzakirə olunur. Bu kontekstdə Azərbaycanın platforma kimi seçilməsi ehtimalı gündəmə gəlib.
Mövzu ilə bağlı İNFOAZ.MEDİA-ya danışan politoloq Züriyə Qarayeva bildirib ki , İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə nüvə danışıqlarının bərpası barədə verdiyi göstərişdən sonra mümkün görüş məkanları ətrafında müzakirələrin başlaması təbiidir. Bu kontekstdə Azərbaycanın adı çəkilməsi təsadüfi deyil. Bakı uzun illərdir ki, regional və beynəlxalq səviyyədə etibarlı dialoq platforması kimi tanınır. Ölkə həm Qərb strukturları ilə işləmə təcrübəsinə, həm də İranla birbaşa qonşuluq və siyasi kanallara malikdir. Ən vacibi isə Azərbaycan İran–ABŞ qarşıdurmasında tərəf deyil və bu da neytral vasitəçi və ya texniki platforma rolunu nəzəri baxımdan mümkün edir.
Bununla belə, belə bir görüşün Azərbaycanda keçirilməsi təkcə Bakının istəyi ilə bağlı deyil. İran üçün əsas məsələ danışıqların təhlükəsiz, simvolik baxımdan “üz itirməyən” və daxili auditoriyaya izah edilə bilən məkanda baş tutmasıdır. ABŞ üçün isə daha çox beynəlxalq legitimlik, logistika və diplomatik rahatlıq ön plandadır. Azərbaycan bu parametrlərin bir qismini ödəsə də, prosesin həssaslığı nəzərə alınanda ilkin mərhələdə daha “klassik” platformalara üstünlük verilməsi də mümkündür. Buna baxmayaraq, danışıqların dərinləşməsi və texniki mərhələyə keçməsi halında Bakının sakit, balanslı və regional reallıqlara yaxın bir məkan kimi gündəmə gəlməsi istisna edilmir.
Orxan Məhərrəmov
























