image-rusvetbackend

Bu məlumatı verən şəxslər mükafatlandırılacaq – MƏBLƏĞLƏR

Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi ilə bağlı yeni qaydalar müəyyən ediləcək.

Bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozma barədə məlumat yazılı, o cümlədən elektron, yaxud şifahi formada verilə bilər. Məlumat verən şəxs təşkilatın səlahiyyətli struktur bölməsinə və ya şəxsinə, təşkilatın rəhbərinə, rəhbərdən yuxarı vəzifəli şəxsə, yaxud korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına müraciət edə bilər.

Məlumatın tərkibində məlumat verən şəxsin şəxsiyyətini müəyyənləşdirməyə imkan verən məlumatlar, korrupsiya ilə əlaqədar hüquqpozmanın əlamətləri və faktiki halları, hüquqpozmanı törədən və ya törədilməsində iştirak edən şəxslər barədə məlumatlar, habelə həmin məsələ ilə bağlı əvvəllər müraciət edilib-edilməməsi göstərilməlidir.

Şəxsi maraqların müdafiəsi və ya özü, yaxud digər şəxslər üçün qanunsuz maddi və digər nemətlər, imtiyazlar və ya güzəştlər əldə etmək məqsədilə bilərəkdən yalan və ya böhtan xarakterli məlumatların verilməsi korrupsiya ilə əlaqədar hüquqpozma barədə məlumat hesab edilməyəcək.

Layihədə məlumat verən şəxsin müdafiəsinə xüsusi təminatlar nəzərdə tutulur. Belə şəxsin məlumatlarının konfidensiallığının qorunması təmin edilməli, onun və yaxınlarının təhlükəsizliyinin qorunması, qanunsuz təsirdən və ədalətsiz rəftardan müdafiəsi mümkün olmalıdır. Məlumat verən şəxs dövlət hesabına peşəkar hüquqi yardım almaq, məhkəmə xərclərindən azad olunmaq, maddi və mənəvi zərərə görə kompensasiya almaq və konfidensial məsləhət almaq hüququna malik olacaq.

Məlumat verən şəxsə və onun yaxın qohumlarına hədə-qorxu gəlmək, təzyiq göstərmək, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ləyaqətini alçaltmaq qadağan ediləcək. Korrupsiya barədə məlumat verdiyinə görə işçiyə tənbeh tətbiq etmək, əmək müqaviləsinə xitam vermək, vəzifədən azad etmək, başqa işə keçirmək, əməkhaqqından qanunsuz tutulma aparmaq, vəzifədə irəliləməsinə və ya həvəsləndirilməsinə mane olmaq da yolverilməz olacaq.

Layihəyə görə, real təhlükə olduğu halda məlumat verən şəxsin, onun yaxın qohumunun və ya qohumunun öldürüləcəyi, onlara zor tətbiq ediləcəyi və ya əmlakına ziyan vurulacağı ilə bağlı əsaslar mövcud olarsa, təhlükəsizlik tədbirləri tətbiq edilə bilər.

Korrupsiya barədə məlumatların araşdırılması üçün də konkret müddətlər müəyyənləşdirilir. Səlahiyyətli struktur bölmə və ya şəxs məlumatı qəbul etdikdən dərhal sonra onu qeydə almalı, araşdırmanı 20 iş günü ərzində başa çatdırmalı və nəticə barədə məlumat verən şəxsə məlumat verməlidir. Əlavə materialların əldə olunması tələb edilərsə, bu müddət 10 iş günü uzadıla bilər. Araşdırma çərçivəsində göndərilən sorğulara isə 7 iş günündən gec olmayaraq cavab verilməlidir.

Araşdırma nəticəsində məlumat əsaslı hesab edilərsə, əməldə mülki-hüquqi və ya inzibati məsuliyyət əlamətləri olduqda müvafiq tədbirlər görüləcək, cinayət əlamətləri aşkarlandıqda isə materiallar ixtisaslaşmış prokurorluq orqanına göndəriləcək. Əməldə məsuliyyət yaratmayan pozuntu müəyyən edildikdə intizam məsuliyyəti məsələsinə baxılacaq. Məlumat təsdiqlənmədikdə isə icraata xitam veriləcək.

Məlumat verən şəxsin təşkilat rəhbərinin qərarından yuxarı vəzifəli şəxsə və məhkəməyə şikayət etmək hüququ da nəzərdə tutulur. Eyni zamanda, məlumatın araşdırılmasında barəsində məlumat verilən və ya araşdırmanın nəticəsində maraqlı olan şəxslərin iştirakına yol verilməyəcək.

Layihədə məlumat verən şəxslər üçün maddi həvəsləndirmə mexanizmi də müəyyən edilir. Verilmiş məlumat öz təsdiqini tapdıqda həmin şəxsə təşkilatın büdcəsi hesabına təşkilat rəhbərinin qərarı ilə maddi mükafat ödəniləcək. Mükafat məlumatın təsdiqlənməsi barədə məlumat verən şəxsə bildirildiyi tarixdən 10 iş günü ərzində verilməlidir.

Mükafatın məbləği minimum əməkhaqqının 25 mislindən çox ola bilməz. Məbləğ müəyyənləşdirilərkən hüquqpozmanın xarakteri, faktların sayı, məlumatın hüquqpozmanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq.

Bundan əlavə, cinayət təqibi nəticəsində xüsusi müsadirə edilmiş əmlakdan və ya pul vəsaitindən əldə olunan, yaxud dövlət büdcəsinə ödənilməsi təmin edilmiş məbləğin və ya dövlətə ödənilmiş maddi ziyanın 5 faizi məlumat verən şəxsə ödənilə bilər.

Korrupsiya barədə məlumat verməsi ilə əlaqədar məlumat verən şəxs, onun yaxın qohumu və ya qohumu həlak olduqda ailəsinə təşkilatın büdcəsi hesabına 20 000 manat birdəfəlik müavinət ödənilməsi, bədən xəsarəti aldıqda isə 10 000 manat birdəfəlik müavinət verilməsi təklif olunur. Məlumat verən şəxsin əmlakına dəymiş ziyanın da qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, dövlət və yerli özünüidarəetmə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan hüquqi şəxslər, publik hüquqi şəxslər və büdcə təşkilatları, həmçinin azı 50 işçisi olan digər hüquqi şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatların elektron qaydada ötürülməsinə, konfidensial və anonim müraciətə, habelə konfidensial məsləhət almağa imkan verən kommunikasiya kanalı yaratmalıdırlar.

Qanun layihəsinin məqsədi təşkilatlarda şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, cəmiyyətdə korrupsiya təzahürlərinə qarşı dözümsüzlük mühitinin formalaşdırılması və belə hüquqpozmaların törədilməsini istisna edən şəraitin yaradılmasıdır.// trend.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki