Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz artmasına qarşılıq sığorta ödənişləri 20,2 faiz yüksəlib. Ödənişlərin yığımları əhəmiyyətli dərəcədə üstələməsi sığorta bazarında risklərin artdığını göstərməklə yanaşı, şirkətlərin maliyyə dayanıqlığı ilə bağlı da suallar yaradır.
Bəs bu artımın əsas səbəbləri nələrdir və ödənişlərin yığımlardan daha sürətlə yüksəlməsi gələcəkdə sürücülərin icbari sığorta xərclərinə təsir göstərə bilərmi?
Mövzu ilə bağlı danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, icbari sığorta yığımlarındakı artımın əsas səbəblərindən biri ölkəyə yeni avtomobillərin, o cümlədən hibrid və elektromobillərin sürətlə daxil olmasıdır.
Ekspertin sözlərinə görə, ölkədə avtomobil parkının genişlənməsi icbari sığortaya tələbi də artırır:
“Ölkəmizə istər ənənəvi, istərsə də yeni nəsil hibrid və elektromobillər olmaqla, sürətlə yeni modellər daxil olur. Bununla əlaqədar icbari sığorta növü üzrə artımı müşahidə edirik. Çünki məlum olduğu kimi, icbari sığortanı bütün sürücülər əldə etməlidirlər”.
Emil Ağabağırov sığorta ödənişlərinin daha sürətli artmasını isə yollarda hərəkət intensivliyinin yüksəlməsi ilə əlaqələndirib. O, qeyd edib ki, əvvəllər əsasən səhər və axşam saatlarında müşahidə olunan sıxlıq hazırda günün daha geniş hissəsini əhatə edir. Bu isə yol-nəqliyyat hadisələri ilə bağlı riskləri artırır.
Ekspertin fikrincə, yığımlarla müqayisədə ödənişlərin daha yüksək templə artması sığorta şirkətlərinin maliyyə balansına müəyyən təzyiq yarada bilər. Bu səbəbdən şirkətlər maliyyə dayanıqlığını qorumaq üçün könüllü sığorta məhsullarının inkişafına və yığımların artırılmasına diqqət yetirirlər.
“İki istiqaməti müqayisə etdikdə görürük ki, həm yığımlarda, həm də ödənişlərdə artım var. Lakin ödənişlərin artım tempi daha yüksəkdir. Bunun üçün sığorta şirkətləri maliyyə dayanıqlığını təmin etmək məqsədilə müəyyən addımlar atırlar. O cümlədən digər könüllü sığorta növlərinin cəlb olunması və yığımların artırılması hesabına balansı minimuma endirməyə çalışırlar”, – deyə ekspert vurğulayıb.
Emil Ağabağırov sürücülərin ödədiyi icbari sığorta haqlarının yaxın gələcəkdə artırılmasının gözlənilmədiyini də bildirib.
Onun sözlərinə görə, icbari sığorta çərçivəsində əmlaka görə 5 min manatadək təminat bir çox hallarda kifayət edir. Daha geniş təminat istəyən sürücülər isə könüllü sığorta məhsullarından yararlana bilərlər.
“Bu gün rəqəmlərə baxdıqda görürük ki, əksər hallarda 5 min manatadək təminat kifayət edir. Daha böyük təminat əldə etmək istəyən sürücülər üçün isə könüllü sığorta növləri mövcuddur. Vətəndaş təxminən 20-25 manat ödəməklə əmlaka görə əlavə təminat əldə edə bilər”, – ekspert bildirib.
Beləliklə, ödənişlərin yığımlardan daha sürətli artması sığorta bazarında risklərin yüksəldiyini göstərsə də, ekspert hesab edir ki, bu tendensiyanın hazırkı mərhələdə sürücülər üçün icbari sığorta haqlarının artırılmasına səbəb olacağı gözlənilmir.// Konkret.az
























