Xəbər verdiyimiz kimi, Penitensiar Xidmətin Kadrlar İdarəsinin sabiq rəisi, polkovnik Əflatun Muxtar oğlu Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Əflatun Məmmədovla bağlı bəzi mühüm məlumatları təqdim edir:
Əflatun Muxtar oğlu Məmmədov Penitensiar Xidmətin Kadrlar İdarəsinin sabiq rəisi, ədliyyə polkovnikidir. O, 2016-cı il sentyabrın 27-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Sonrakı fəaliyyəti əsasən Penitensiar Xidmətin kadr məsələləri ilə bağlı olub. 2018-ci ildə Penitensiar Xidmətə yeni əməkdaşların qəbulu ilə bağlı keçirilən andiçmə mərasimində çıxış edib. Həmin tədbirdə yeni əməkdaşlara qanunçuluq, insan hüquq və azadlıqlarına hörmət, humanizm və qərəzsizlik prinsiplərinə riayət etməyi tövsiyə edib.
Beləliklə, Ə.Məmmədov təxminən 10 il Penitensiar Xidmətin Kadrlar İdarəsinə rəhbərlik edib.
2023-cü ildə İcmal.az Əflatun Məmmədovun Penitensiar Xidmətdə işə düzəlmək istəyən bəzi şəxslərdən ümumilikdə 250 min manatdan artıq rüşvət aldığı barədə iddialar irəli sürüb. Həmin yazıda məsələ ilə bağlı başqa yüksək vəzifəli şəxslərin də adları çəkilib.
Əflatun Məmmədovun adı daha əvvəl də tənqidi materiallarda hallanıb. 2021-ci ildə yayımlanan bir materialda onun adı cəzaçəkmə müəssisələrindən birinin rəhbərinin başqa müəssisəyə təyinatı ilə bağlı iddialar kontekstində çəkilib.
Ə.Məmmədov 2026-cı ilin mayında Penitensiar Xidmətdə tutduğu vəzifədən azad edilib. Onun “xidməti fəaliyyəti zamanı yol verdiyi nöqsanlara görə” vəzifədən çıxarıldığı bildirilib. Lakin həmin nöqsanların konkret nədən ibarət olduğu açıqlanmayıb.
2026-cı il oktyabrın 5-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib.// globalinfo.az
























