image-pensiya-2-768x403-11backend

65 yaş gözləmədən pensiyaya çıxmaq mümkün olacaq? – AÇIQLAMA

“Hazırda qanunvericilikdə tək yaşayan, ailəsi və himayəsində olan şəxsi olmayan qadınlar üçün ayrıca 60 yaş pensiya həddi müəyyən edilməyib.

Belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulması hüquqi baxımdan mümkündür. Azərbaycanda 1 iyul 2026-cı ildən etibarən qadınlar üçün ümumi yaşa görə əmək pensiyası yaşı kişilərin pensiya yaşı ilə bərabərləşdirilərək 65 yaş müəyyən edilib. Tək yaşayan, ailəsi və himayəsində olan şəxsi olmayan qadınlar üçün 60 yaşdan pensiyaya çıxmaq hüququnun müəyyən edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliklərin edilməsi tələb olunur”.

Bu fikirləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva)  açıqlamasın da səsləndirib.

“ “Əmək pensiyaları haqqında” Qanunda müəyyən xüsusi kateqoriyalara aid qadınlar üçün pensiya yaşının 5 il azaldılması ilə bağlı müddəalar artıq mövcuddur.

Belə ki, beş və daha çox övladı olan, eləcə də əlilliyi olan uşağı böyüdən qadınlar qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun gəldikdə yaşa görə əmək pensiyasına vaxtından əvvəl çıxa bilirlər. Bununla belə, tək yaşayan, ailə qurmayıb və himayəsində heç kim olmayan qadınların daha erkən pensiyaya çıxması üçün hazırda ayrıca güzəşt mexanizmi mövcud deyil”.

Professorun sözlərinə görə, tək yaşayan və sosial baxımdan daha həssas vəziyyətdə olan qadınlar üçün belə bir güzəştin tətbiq edilməsi onların sosial müdafiəsinin gücləndirilməsinə, yaşlı qadınların sosial təminatının yaxşılaşdırılmasına və bu kateqoriyaya aid şəxslərin qarşılaşdığı sosial çətinliklərin azaldılmasına müsbət təsir göstərə bilər.// konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki