image-iran-absbackend

ABŞ və İran nüvə sazişi üzrə irəliləyiş əldə edib – NYT

ABŞ və İran arasında son hərbi gərginliklərə baxmayaraq, tərəflər mümkün nüvə sazişi üzrə danışıqlarda müəyyən irəliləyiş əldə ediblər. Bu barədə “The New York Times” məlumat yayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, müzakirələrin əsas mövzularından biri İranın uranı zənginləşdirmə fəaliyyətinin dayandırılmasıdır. Vaşinqton Tehranın bu prosesi 20 il müddətinə dayandırmasını istəyir. Hazırda tərəflər arasında təxminən 15 illik məhdudiyyət variantı ətrafında yaxınlaşma müşahidə olunur.

Danışıqlarda İranın zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması məsələsi də müzakirə edilir. Təklifə əsasən, mövcud ehtiyatlar beynəlxalq nəzarət altında seyrəldilərək hərbi məqsədlər üçün istifadəyə yararsız vəziyyətə gətiriləcək.

ABŞ həmçinin İranın Natanz, Fordo və İsfahan şəhərlərində yerləşən əsas nüvə obyektlərinin fəaliyyətinin dayandırılmasını tələb edir. İranın bəzi obyektlərin bağlanmasına razı ola biləcəyi, lakin ən azı bir nüvə müəssisəsinin fəaliyyətini davam etdirmək istədiyi bildirilir.

Saziş layihəsində beynəlxalq müfəttişlərə daha geniş səlahiyyətlərin verilməsi də nəzərdə tutulur. Bu çərçivədə obyektlərdə qəfil və əvvəlcədən xəbərdarlıq edilməyən yoxlamaların keçirilməsi imkanları müzakirə olunur.

Buna baxmayaraq, İran, İsrail və ABŞ arasında yenidən artan hərbi gərginlik danışıqların gələcəyini qeyri-müəyyən edir. Hər iki tərəf diplomatik təmasları davam etdirir və detallı müzakirələrin İsveçrədə davam etdirilməsi ehtimalı nəzərdən keçirilir.

Danışıqlarda həllini tapmayan əsas məsələlərdən biri isə İranın xaricdə dondurulmuş təxminən 25 milyard dollar həcmində vəsaitinə nə vaxt və hansı şərtlərlə çıxış əldə edəcəyidir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki