image-qizdirmabackend

Üç gündən çox düşməyən qızdırma bu təhlükənin siqnalıdır

Uşaqlarda yüksək hərarət valideynləri hər zaman ciddi təşvişə salan, onları dərhal tədbir görməyə sövq edən tibbi vəziyyətdir. İlk baxışda adi mövsümi virus infeksiyasının əlaməti kimi görünən yüksək qızdırma, əslində orqanizmdə baş qaldıran daha təhlükəli xəstəliklərin gizli siqnalı ola bilər. Tibb mütəxəssisləri xüsusilə uzun müddət enməyən və dərmanlara tabe olmayan hərarət hallarında vaxt itirmədən həkimə müraciət etməyin həyati əhəmiyyət daşıdığını vurğulayırlar. Çünki nəzarətsiz qalan davamlı qızdırma birbaşa ağciyərlərin zədələnməsi, yəni pnevmoniya ilə nəticələnə bilər.

Uşaqlarda qızdırma fonunda inkişaf edən ağırlaşmalar və bu zaman atılmalı olan vacib addımlarla bağlı pediatr Günay Rəsulzadə  bildirib ki, əgər qızdırma üç gündən çox davam edirsə, vəziyyət daha ciddi qiymətləndirilməlidir:

“Dirəncli qızdırma mütləq diqqətə alınmalıdır, çünki bu, pnevmoniyanın əlaməti ola bilər. Xüsusilə üç gündən çox davam edən və beş günü keçən qızdırma zamanı uşaq mütləq pediatr müayinəsinə aparılmalıdır. Obyektiv müayinə və auskultasiya zamanı pnevmoniyaya şübhə yaranarsa, diaqnoz rentgenoloji müayinə ilə təsdiqlənə bilər.

Pnevmoniya daha çox kollektivə gedən, peyvənd olunmamış və allergiya problemi olan uşaqlarda müşahidə edilir. Bu səbəbdən həmin uşaqların mövsümi viruslardan qorunması üçün hər il qrip əleyhinə peyvənd olunması tövsiyə edilir. Eyni zamanda, uşağın pnevmoniyaya qarşı peyvəndlərinin tam olub-olmamasına da diqqət yetirilməlidir. Bu tip xəstəliklər vaxtında müalicə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər”,- deyə o qeyd edib.

Kollektiv mühitdə, xüsusilə bağça və məktəblərdə uşaqlar arasında infeksiyaların yayılma sürəti kəskin artır. İmmuniteti tam formalaşmayan, allergik reaksiyalara meyilli və vaxtında immunizasiya olunmayan uşaqlar risk qrupuna daxildir. Ağciyər iltihabı ilkin mərhələdə sadə soyuqdəymə ilə qarışdırıla bildiyi üçün valideynlər bəzən ev şəraitində antibiotik və ya güclü qızdırmasalan dərmanlardan istifadə edirlər. Bu isə xəstəliyin kliniki mənzərəsini gizlədir və diaqnozun gecikməsinə yol açır. Profilaktik peyvəndlər pnevmoniyanın qarşısını almaqda ən təsirli üsuldur və vaxtında edilən müayinə uşaqları ağır fəsadlardan sığortalayır. // Demokrat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki