Müasir dünyada təhsil dövlətlərin iqtisadi gücünü, texnoloji inkişafını, milli təhlükəsizliyini və sosial rifahını müəyyən edən əsas strateji sahələrdən biridir. Buna görə də təhsil sistemində aparılan hər bir dəyişiklik sadəcə inzibati qərar və ya təşkilati yenilik deyil, bütöv bir cəmiyyətin gələcəyinə təsir edən mürəkkəb sosial mühəndislik layihəsidir. Lakin bəzi ölkələrdə, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərdə təhsil islahatları bəzən elmi əsaslandırılmış strategiyadan daha çox xaotik eksperiment xarakteri daşıyır.
Müxtəlif dövrlərdə təhsilin dəyişən rəhbərləri, fərqli ideoloji yanaşmalar, qısamüddətli siyasi məqsədlər və ya xarici modellərin kor-koranə köçürülməsi nəticəsində təhsil sistemləri davamlı transformasiya əvəzinə daimi sınaq meydanına çevrilir. Halbuki həqiqi təhsil islahatı elmsiz, analitikasız, proqramsız və xaotik eksperiment ola bilməz.
Təhsil sistemləri mürəkkəb adaptiv sistemlərdir
Müasir təhsil nəzəriyyəsi təhsil sisteminə sadə təşkilati struktur kimi deyil, mürəkkəb adaptiv sistem kimi baxır. Bu sistemdə məktəblər, müəllimlər, şagirdlər, valideynlər, universitetlər, əmək bazarı, iqtisadiyyat və dövlət institutları qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Belə sistemlərdə aparılan hər hansı dəyişiklik gözlənilməz nəticələr yarada bilər. Məsələn, kurikulumun dəyişdirilməsi müəllim hazırlığına təsir edir, məllim hazırlığındakı problemlər tədrisin keyfiyyətini zəiflədir, tədrisin keyfiyyəti qiymətləndirmə nəticələrinə təsir göstərir, qiymətləndirmə sistemi isə ali təhsil və əmək bazarına təsir edir. Bu səbəbdən təhsil islahatları sadə inzibati əmrlərlə deyil, sistemli elmi modelləşdirmə ilə həyata keçirilməlidir.
Elmsiz islahatın əsas problemi
Elm səbəb-nəticə əlaqələrini öyrənir. Təhsil siyasətində elmi yanaşma aşağıdakı suallara cavab verir: mövcud problem nədir? Problemin səbəbi nədir? Hansı müdaxilə üsulu səmərəli ola bilər? Hansı risklər var? Nəticələri necə ölçmək olar? Bu suallara cavab verilmədən həyata keçirilən dəyişikliklər islahat deyil. Belə hallarda verilən qərarlar şəxsi təəssüratlara, inzibati intuisiyalara, siyasi sifarişlərə, təsadüfi xarici təcrübələrə əsaslanır. Elm isə sübut tələb edir. Müasir təhsil siyasəti – sübuta əsaslanan təhsil siyasəti prinsipi üzərində qurulur.
Analitikasız islahat kor uçuşdur
Pilot təyyarəni cihazlar olmadan idarə edə bilmədiyi kimi, dövlət də təhsil sistemini etibarlı analitika olmadan idarə edə bilməz. Analitika təhsil sisteminin diaqnostikasıdır. Analitika olmadan məktəblərin real vəziyyəti bilinmir, müəllimlərin peşə səriştələri ölçülmür, şagird nailiyyətlərinin səbəbləri araşdırılmır, regional fərqlər görünmür, resursların səmərəliliyi qiymətləndirilmir. Nəticədə qərar qəbul edənlər faktlara deyil, fərziyyələrə əsaslanırlar.
Müasir ölkələrdə təhsil siyasəti böyük verilənlər, təhsil statistikası, öyrənmə analitikası, süni intellekt əsaslı monitorinq sistemləri və uzunmüddətli tədqiqatlar üzərində qurulur. Əgər sistem ölçülmürsə, onu inkişaf etdirmək mümkün deyil.
Proqramsız islahat istiqamətsiz hərəkətdir
İslahat məqsədlər toplusu deyil. İslahat məqsədlərə aparan yol xəritəsidir. Təhsil sistemində dəyişikliklərin uğur qazanması üçün strateji məqsədlər, prioritetlər, icra mərhələləri, resurs təminatı, məsul qurumlar, nəticə indikatorları əvvəlcədən müəyyən edilməlidir. Əks halda islahatlar təsadüfi tədbirlər toplusuna çevrilir.
Məktəb tikmək hələ islahat deyil. Yeni proqram yazmaq da heç islahat deyil. Yeni imtahan modeli tətbiq etmək də hələ islahat deyil. Bunların hamısı yalnız vahid strateji proqramın tərkib hissəsi olduqda, sistemli xarakter daşıdıqda islahat məzmunu qazanır.
Xaotik eksperimentlərin təhlükəsi
Təhsil sistemində edilən səhvlərin nəticəsi dərhal görünmür. İqtisadi siyasətdə yanlış qərarın nəticəsi bir neçə ay sonra görünə bilər. Təhsildə isə nəticələr bəzən 10–20 ildən sonra ortaya çıxır. Bu səbəbdən təhsil üzərində düşünülməmiş eksperimentlər bütöv nəsillərin inkişaf imkanlarını məhdudlaşdıra bilər. Məsələn, 23 il əvvəl “neft kapitalını insan kapitalına çevirək” missiyası reallaşa bilmədi. Düzdür, mütəxəssislər bunu 23 ildir deyir, amma indi bunu təhsil menecerləri də etiraf edirlər: “təhsilimiz sanki, tərsinə qurulub” (E.Əmrullayev).
Tarix göstərir ki, bir çox ölkələrdə tez-tez dəyişən proqramlar, davamlı yenilənən kurikulumlar, ölçülməmiş layihələr və siyasi populizm təhsil sistemlərində dərin böhranlar yaradıb. Ən təhlükəli vəziyyət isə hər yeni rəhbərliyin təhsili sıfırdan yenidən qurmağa çalışmasıdır. Bu halda təhsil sistemi təşkilati yaddaşını itirir.
Dünyanın uğurlu təhsil sistemləri nə edir?
Təhsil sahəsində uğur qazanan ölkələrə nəzər saldıqda ortaq xüsusiyyətlər görünür. Məsələn, Finlandiya, Sinqapur, Cənubi Koreya, Estoniya təhsil sistemlərini təsadüfi qərarlarla deyil, uzunmüddətli strategiyalarla, elmi araşdırmalarla, pilot layihələrlə, ciddi monitorinq və qiymətləndirmə mexanizmləri ilə inkişaf etdiriblər. Bu ölkələrdə hər yeni təşəbbüs əvvəlcə sınaqdan keçirilir, nəticələr ölçülür və yalnız bundan sonra geniş tətbiq olunur. Təbii ki, islahatları həyata keçirilənlərin peşəkarlığı daha mühüm amildir. Əgər islahat komandası səriştəsizdirsə, bütün digər amillər əhəmiyyət daşımır. Çünki, belə komandanın reallaşdırdığı islahatlar nəticə verə bilməz.
Süni intellekt dövründə yeni tələb
XXI əsrin ikinci yarısına doğru təhsil siyasəti daha çox elm tutumlu olacaq. Süni intellekt, böyük verilənlər, öyrənmə analitikası və rəqəmsal platformalar təhsil idarəçiliyini köklü şəkildə dəyişdirir. Gələcəyin təhsil islahatları məlumatlara əsaslanan, proqnozlaşdırılan, fərdiləşdirilən, süni intellektlə dəstəklənən idarəetmə modellərinə söykənəcək. Bu şəraitdə intuisiya əsaslı idarəetmə daha da riskli olacaq.
Beləliklə, bir daha görürük ki, təhsil islahatı, bəzilərinin düşündüyü kimi məktəb divarlarının boyanması, dərsliklərin və ya imtahanların formatının dəyişdirilməsi deyil.
Təhsil islahatı, insan kapitalının formalaşdırılması üzrə milli layihədir. Milli layihələr isə yalnız elmə, analitikaya və strateji planlaşdırmaya, peşəkarlığa və yüksək məsuliyyətə söykənəndə uğur qazanır.
Təəssüf ki, ölkəmizdə reallaşan təhsil islahatları bu reallıqları nəzərə almadı. Nəticə də göz önündədir.
Təhsil məmurları bilməli idilər ki, elmsiz islahat populizm, analitikasız islahat kor idarəetmə, proqramsız islahat istiqamətsiz hərəkət, xaotik eksperimentlər gələcək nəsillər üzərində aparılan təhlükəli sınaqlardır.
Həqiqi təhsil islahatı əvvəlcə düşünmək, sonra ölçmək, daha sonra planlaşdırmaq və yalnız bütün bunlardan sonra dəyişlik aparmaqdır. Çünki təhsildə ən bahalı səhv itirilmiş vaxt və maliyyə deyil, itirilmiş nəsildir.
İlham Əhmədov
İNFOAZ.MEDİA
























