Azərbaycan qanunvericiliyində hərbi qulluqçuların xidmət illərinə görə hansı şərtlərlə pensiya hüququna malik olmaları öz əksini tapıb.
İNFOAZ.MEDİA xəbər verir ki, bir qrup hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər.
Belə ki, aşağıdakılar xidmət illərinə görə pensiya hüququna malikdirlər:
* xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular;
* xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər;
* xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər;
* hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
Xidmət illərinə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin olunur:
* 20 il və daha çox xidmət etmiş hərbi qulluqçulara 20 il xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi xidmətdən buraxılanlara isə 55 faizi; 20 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi;
* xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi;
* xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 55 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi;
* hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi.(trend)
























