“Burger King” restoranlar şəbəkəsinin Azərbaycandakı fəaliyyətini idarə etmiş Anarfood MMC-nin keçmiş rəhbərliyi dövründə çalışan işçilər iddia edirlər ki, 3 ildən artıqdır əməkhaqqılarını ala bilmirlər. Bildirilir ki, maaş problemi məhz həmin dövrdə yaranıb və bu günədək həllini tapmayıb.
İNFOAZ.MEDİA-ya müraciət edən bir qrup vətəndaş, şirkətin rəhbəri Abbas Mirzə Hikmət oğlu restoranları və hüquqi şəxsi başqa şəxslərə sataraq, üzərinə düşən maliyyə öhdəliklərini yerinə yetirmədən yoxa çıxmışdır. Belə ki, Anarfood MMC 2023-cü ilin fevral ayında fəaliyyətini dayandırmışdır. Şirkət rəhbəri satış prosesi zamanı mənə və bütün kollektivə yeni sahib tərəfindən işdən çıxarılmayacağımızı və satışdan əldə olunan vəsait hesabına bütün maaş borclarının ödəniləcəyini vəd etmişdir. Lakin nə maaş borcları ödənilmiş, nə də iş yerlərimizin qorunması təmin olunmuşdur.
Müxtəlif vəzifələrdə çalışan onlarla işçi – menecerlər, direktor heyəti və digər əməkdaşlar illərdir öz qanuni haqlarını tələb edirlər. Buna baxmayaraq, hər dəfə “bu həftə”, “gələn ay” kimi əsassız vədlərlə aldadılmışıq. Abbas Mirzə Hikmət oğlunun bizə olan maaş borcu təxminən 100.000 manata yaxındır, lakin artıq zəng və mesajlarımıza da cavab vermir.
İşçi hüquqlarımızın qorunması məqsədilə Əmək Müfəttişliyi, Ombudsman Aparatı və Baş Prokurorluq daxil olmaqla bir sıra aidiyyəti dövlət qurumlarına kollektiv şəkildə dəfələrlə müraciət etsək də, bu günə qədər real nəticə əldə olunmamışdır. Haqq tələb edən mən və onlarla iş yoldaşım hazırda çıxılmaz vəziyyətdə qalmışıq.
Biz sadəcə qanuni haqqımız olan maaş və digər ödənişlərin ödənilməsini tələb edirik.
Orxan Məhərrəmov
























