image-manat666-1backend

DSMF-nin keçmiş əməkdaşından 9 600 manatlıq dələduzluq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağcabədi rayon filialının qəbul şöbəsinin keçmiş işçisi dələduzluq əməlinə görə cəzalandırılıb.

İşə Ağcabədi Rayon Məhkəməsində baxılıb.

Məhkəmə materiallarına əsasən, müttəhim bir neçə vətəndaşı aldadaraq onların ümumilikdə 9 600,32 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Müttəhim 2024-cü ilin iyul ayında vətəndaşlardan birinə aldığı aylıq təqaüdü 100 manat artıra biləcəyini deyərək bunun müqabilində əvvəlcə 800 manat nağd pul alıb. Daha sonra həmin şəxsin oğlu vasitəsilə əlavə 600 manatın kart hesabına köçürülməsinə nail olub. Təqaüdün artırılması ilə bağlı vəd yerinə yetirilməyib və 1 400 manat şəxsi ehtiyaclara xərclənib.

Digər epizod üzrə isə təqsirləndirilən şəxs vəfat etmiş anasının aldığı təqaüdün onun adına keçirilməsinə kömək edə biləcəyini vəd edib. Bu məqsədlə 900 manat nağd, daha sonra isə 900 manat 32 qəpik olmaqla ümumilikdə 1 800,32 manat pul alıb. Bu vəsait də qaytarılmayıb.

Bundan başqa, 2025-ci ilin iyul ayında başqa bir vətəndaşa qızını Sumqayıt şəhərindəki uşaq bağçalarından birində işə düzəldə biləcəyini vəd edən şəxs bunun müqabilində 4 800 manat alıb. Lakin vəd yerinə yetirilməyib və pul şəxsi ehtiyaclara sərf olunub.

Sonuncu epizodda isə vətəndaşlardan birinə həyat yoldaşının aylıq təqaüdünü 100 manat artıra biləcəyini vəd edərək 600 manat pul aldığı bildirilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ittiham üzrə özünü tam təqsirli bilib. O, aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyini və verdiyi vədləri yerinə yetirmədiyini etiraf edib.

Məhkəmə müttəhimi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (dələduzluğun təkrar törədilməsi) və 178.2.3-cü maddəsi (dələduzluğun öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi) ilə təqsirli bilib.

Ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi (müəyyən vəzifələrdə işləmək və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə) tətbiq edilməklə 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilmə və 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.// qaynarinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki