image-sosial_sebekeler-768x403-1backend

Bu şəxslərin sosial şəbəkə paylaşımları nəzarətdə olacaq

Hakimlər sosial şəbəkələrdə məhkəmə sisteminin nüfuzuna xələl gətirən paylaşımlardan çəkinməli, baxdıqları və gələcəkdə baxacaqları işlərin nəticəsinə təsir edə biləcək açıqlamalar verməməli, rəsmi məlumatları isə media üzrə məsul hakim vasitəsilə təqdim etməlidirlər.

Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, Hakimlərin Etik Davranış Kodeksinin yeni redaksiyasında hakimlərin internet informasiya ehtiyatlarından, sosial şəbəkələrdən və media ilə münasibətlərindən istifadə qaydaları ətraflı müəyyənləşdirilib.

Yeni müddəalara əsasən, hakim sosial şəbəkələrdən istifadə edərkən öz statusuna uyğun davranmalı, məhkəmə hakimiyyətinin nüfuzunu qorumalı və bu nüfuza xələl gətirə biləcək hərəkətlərdən çəkinməlidir. Onun paylaşımları, şərhləri və digər fəaliyyəti hakim müstəqilliyinə, qərəzsizliyinə və ədalət mühakiməsinə kölgə salmamalıdır.

Hakim sosial şəbəkədə profilini formalaşdırarkən öz statusunu və məhkəmə hakimiyyətinə ictimai etimadı nəzərə almalı, profil məlumatlarının və təqdimat formasının hakim adına uyğunluğunu təmin etməlidir. Şəxsi hesabında etdiyi paylaşımlar da məhkəmə sisteminə ictimai etimadı sarsıtmamalıdır.

Rəsmi yazışmalar üçün hakimlər xidməti elektron ünvandan istifadə etməlidirlər. Bu elektron vasitələrdən sosial şəbəkə hesablarında və digər şəxsi məqsədlər üçün istifadə edilməsinə yol verilməməlidir. İstifadə edilən sosial şəbəkə platforması hakimin fəaliyyəti ilə bir araya sığmayan mühitə çevrilərsə, hakim həmin platformadan istifadəni dayandırmalıdır.

Digər istifadəçilərin paylaşımlarını bəyənərkən və ya şərh edərkən də diqqətli olmaq tələb olunur. Hakim bu hərəkətlərin məzmununun məhkəmə hakimiyyətinin nüfuzuna necə təsir edə biləcəyini nəzərə almalıdır.

Yeni qaydalara görə, hakim ictimaiyyət qarşısında çıxış edərkən və media ilə ünsiyyətdə özünün və ya məhkəmənin icraatında olan, eləcə də gələcəkdə baxılacaq işlərin nəticəsinə təsir edə biləcək mövqe bildirməkdən, rəy və şərh verməkdən çəkinməlidir. Belə açıqlamalar məhkəmə prosesinin ədalətliliyinə xələl gətirə biləcək xarakter daşımamalıdır.

Mediaya rəsmi məlumat məhkəmənin media üzrə məsul hakimi, yəni spiker-hakim tərəfindən verilməlidir. Hakim mediada çıxışı zamanı istifadə etdiyi sözləri və təqdim etdiyi məlumatları seçərkən etik qaydaları, qanunvericiliyin tələblərini, eləcə də açıqlamanın yarada biləcəyi hüquqi və etik riskləri nəzərə almalıdır.

Kodeksin digər müddəasına əsasən, hakimlər mediada və sosial şəbəkələrdə siyasi qərəzlilik təəssüratı yaradan paylaşımlardan da çəkinməlidirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki