Husilərbackend

Yəməndə husilərin raket hücumu nəticəsində 75 nəfər ölüb, 200-dən çox yaralı var

Yəmənin Şəbvə vilayətində Səudiyyə Ərəbistanının idarə etdiyi hərbi təlim bazasına oktyabrın 19-da husilər tərəfindən ballistik raket hücumu həyata keçirilib. Nəticədə azı 75 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Ölən və yaralananlar arasında Səudiyyə Ərəbistanının hərbçiləri də var.

İNFOAZ.MEDİA xəbər verir ki, Səudiyyə Ərəbistanı və Yəmən rəsmilərinin məlumatına görə, bu hücum yeni müharibə dövründə husilərin həyata keçirdiyi ən çox ölümə səbəb olan tək hücum olub.

Məlumata əsasən, bir neçə dəqiqə ərzində Əl-Alam düşərgəsinə üç raket düşüb. Həmin vaxt Səudiyyə Ərəbistanının zabitləri yerli qüvvələrə yeni cəlb olunan şəxslər üçün təlimə başlamağa hazırlaşırmış.

Şahidlərin sözlərinə görə, ilk raket düşən zaman ərazidə dörd batalyon toplaşıbmış. Sonrakı raketlərdən biri isə partlayışdan qaçmağa çalışan yeni çağırışçıları vurub.

Hücumdan əvvəl bir neçə gün ərzində bazanın üzərində pilotsuz uçuş aparatlarının müşahidə edildiyi bildirilir. Həlak olanların və yaralananların yaxınları xəbərdarlıqlara məhəl qoymamaqda yerli yəmənli komandiri günahlandırıblar.

Rəsmilər düşərgədə hava hücumundan müdafiə və erkən xəbərdarlıq sistemlərinin olmadığını bildiriblər. Şəbvə rəsmiləri bu sistemlərin təcili təmin edilməsi üçün Ər-Riyada müraciət edirlər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki