image-1686750015_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg-768x403backend

MTK-ların fəaliyyəti nə vaxt başa çatmalıdır? – Ekspertdən AÇIQLAMA

Yeni tikililərdə mənzillər sahiblərinə təhvil verildikdən və bina istismara qəbul olunduqdan sonra onun idarə edilməsinin hələ də tikinti şirkətinin yaratdığı MTK tərəfindən həyata keçirilməsi ilə bağlı suallar yaranır.

Qanunvericilik baxımından isə binanın idarə olunması ilə bağlı mülkiyyətçilərin hüquqları və müştərək idarəetmə mexanizmləri nəzərdə tutulur.

Bəs bina tam başa çatdıqdan və istismara qəbul edildikdən sonra MTK-nın fəaliyyətini davam etdirməsi nə dərəcədə əsaslıdır?

Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov  açıqlamasında bildirib ki, Azərbaycanda yeni tikililərin böyük hissəsində binaların idarə olunması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmir.

Ekspertin sözlərinə görə, ölkədə təxminən 2500 çoxmənzilli yeni tikili bina mövcuddur və bu binalarda milyondan çox sakin yaşayır:

“Onların yaşadığı binaların 95 faizindən çoxu qanunsuz idarə olunur. Hətta müştərək cəmiyyət yaradılırsa, qanunun tələbi budur ki, tikinti şirkəti MTK yaradır. Tikinti başa çatdıqdan sonra MTK ləğv olunmur və yenə MTK səviyyəsində qalır.

Bina istismara qəbuldan keçəndən sonra MTK-nın funksiyası bitməlidir. Müştərək cəmiyyətə çevrilməlidir. Amma bu, bizim ölkədə çox az baş verir. Ümumi bazarın 10 faizindən də azını təşkil edir”.

Ekspert hesab edir ki, mövcud vəziyyətin yaranmasında nəzarət mexanizmlərindəki boşluqlar da rol oynayır. Onun fikrincə, bundan bəzi MTK-lar və digər idarəedici şəxslər sui-istifadə edirlər.

Azadov qeyd edib ki, yaşayış komplekslərinin böyük əksəriyyətində idarəetmə özbaşına həyata keçirilir:

“Komendant özbaşınalığı, istənilən tariflərin və xidmətlərin müəyyən olunması kimi hallar var. Vətəndaşlar müştərək cəmiyyət yaratdıqda hər hansı şəxs sədr seçilir və ömürlük orada qalır. Halbuki hər bir mülkiyyətçi demək olar ki, istənilən vaxt çağırış elan edə bilər”.

Ekspert bildirib ki, mülkiyyətçilərin ümumi yığıncağında sədrin dəyişdirilməsi, xidmətlərin əlavə edilməsi və ya ləğvi, tariflərin müəyyənləşdirilməsi kimi məsələlərə baxıla bilər. Eyni zamanda, binaların idarə edilməsində şəffaflığın təmin olunması üçün müvafiq komissiyaların fəaliyyət göstərməsi nəzərdə tutulur.

“Komissiyalar şəffaflığa və binanın düzgün idarə olunmasına nəzarət etməlidirlər. Bu, Mənzil Məcəlləsinin tələbidir”, – deyə Elnur Azadov vurğulayıb.// Konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki