Kanadanın Baş naziri Mark Karni Türkiyə ilə münasibətlərin inkişafı və strateji tərəfdaşlığın əhəmiyyəti barədə danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Karni Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipini xatırladaraq, bu yanaşmanın müasir dövrdə də əhəmiyyətini qoruduğunu bildirib.
“Bir dünya nizamının sonuna doğru Mustafa Kamal Atatürk “Yurdda sülh, cahanda sülh” şüarı ilə təhlükəsiz və suveren dövlət qurdu. Böhranlarla səciyyələnən bu dövrdə Kanada da həmin nümunəyə hörmətlə yanaşır: ölkə daxilində güc, xaricdə tərəfdaşlıq”, – deyə o qeyd edib.
Kanadanın Baş naziri bildirib ki, 70 ildən çox əvvəl ölkəsi iki xalq arasında sülh və dostluq rəmzi olaraq Anıtqəbirin ərazisində əkilməsi üçün Türkiyəyə ağcaqayın ağacları göndərib.
Onun sözlərinə görə, hazırda həmin ağaclar 25-dən çox ölkədən gətirilmiş 48 min ağacın arasında yer alır.
Karni əlavə edib ki, Türkiyə və Kanada yeni strateji tərəfdaşlığın əsasını qoyublar. Bu əməkdaşlığın hər iki ölkənin işçiləri və biznesləri üçün yeni imkanlar yaradacağı, xalqların təhlükəsizliyinə və rifahına töhfə verəcəyi gözlənilir.
O, tərəfdaşlığın qarşılıqlı səylər və öhdəliklər sayəsində gələcək nəsillər üçün inkişaf edəcəyinə inandığını vurğulayıb.
Jalə
























