image-5969525734650875701backend

Fransada silahlı hücum nəticəsində bir nəfər ölüb, azı dörd nəfər yaralanıb

Fransanın paytaxtı Parisin qərbində yerləşən Trapp və La Verrier şəhərlərində baş verən silahlı hücum nəticəsində bir nəfər ölüb, azı dörd nəfər ağır yaralanıb. Yaralılar arasında 12 yaşlı qız da var.

İNFOAZ.MEDİA xəbər verir ki, hadisə yerli vaxtla saat 10:30 radələrində başlayıb. Şübhəli şəxs avtomobilindən yoldan keçən insanlara atəş açıb. Hücum avtobus dayanacağı, yanacaqdoldurma məntəqəsi, uşaq meydançası və tibb mərkəzinin yerləşdiyi ərazilərdə baş verib.

Trapp şəhərinin meri Əli Rabeh hücumçunun təsadüfi insanları hədəf aldığını və “qırğın törətmək istədiyini” bildirib.

Hadisə nəticəsində 26 yaşlı kişi həyatını itirib. Bir neçə dəfə güllə yarası alan 12 yaşlı qızın vəziyyətinin sonradan stabil olduğu bildirilib.

Məlumata görə, şübhəli şəxs Plezir şəhərindən olan 39 yaşlı Kévin T. adlı kişidir. O, hadisədən təxminən 10 dəqiqə sonra yaxınlıqdakı Kuanyer şəhərində saxlanılıb. Şübhəlinin İkinci Dünya müharibəsi dövrünə aid “Sten” markalı avtomat silahdan istifadə etdiyi bildirilir.

Şübhəlinin əvvəllər xırda hüquq pozuntularına görə polisə məlum olduğu, lakin kəşfiyyat orqanlarının diqqətində olmadığı qeyd edilir.

Fransanın antiterror prokurorluğu işi öz icraatına götürüb. Cinayət işi terror fəaliyyəti ilə əlaqəli qətl və qətlə cəhd maddələri, eləcə də zərərçəkənlərin etnik mənsubiyyətinə, irqinə və ya dininə görə hədəfə alınması ehtimalı üzrə araşdırılır.

Rauf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki