Fransada siyasətçilər ABŞ-nin “dünya sülhünü təhdid edən siyasətlərini” əsas gətirərək Prezident Emmanuel Makronu NATO-dan çıxmağa çağırıblar. Bu təşəbbüslə çıxış edən Fransa Milli Assambleyasının sədr müavini və “Boyun Əyməyən Fransa” (LFI) partiyasının deputatı Klemans Gette ABŞ Prezidenti Donald Trampın siyasətlərini kəskin tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Gette Tramp administrasiyasının Qrenlandiya ilə bağlı hərbi təhdidləri, Fransa ilə ticarət müharibəsi, Venesuela məsələsində atdığı addımlar, Fələstində İsrailə dəstəyi və Avropada seçkilərə müdaxiləsini dünya sülhü üçün təhlükə adlandırıb. Bu səbəbdən o, Fransanın planlı şəkildə NATO-dan çıxması ilə bağlı Milli Assambleyaya təklif təqdim etdiyini bildirib.
Deputat xatırladıb ki, 1966-cı ildə Prezident Şarl de Qoll Fransanı NATO-nun hərbi strukturundan çıxarmış, ölkə isə 2009-cu ildə Nikola Sarkozinin dövründə yenidən alyansın hərbi qanadına qayıtmışdı. Gette vurğulayıb ki, Fransa strateji muxtariyyət yolunu seçməli və Makron ABŞ-yə tabeçilikdən imtina etməlidir.
Rauf
























