Təhsildə keyfiyyətin artırılması ilə yanaşı, maddi imkanları məhdud ailələrdən olan istedadlı şagirdlərin də geniş təhsil imkanlarına çıxışının təmin edilməsi mühüm məsələlərdəndir. Xüsusilə yüksək bal toplayan, fənn olimpiadalarında və müxtəlif müsabiqələrdə uğur qazanan, lakin ailəsinin maddi vəziyyətinə görə ödənişli məktəblərdə təhsil almaq imkanı olmayan uşaqlar üçün dövlət tərəfindən xüsusi dəstək mexanizminin yaradılması təklif olunur.
Bununla yanaşı, potensiallı uşaqların fərdi inkişafına imkan verən xüsusi təmayüllü internat məktəblərinin sayının artırılması da təhsil sistemində yeni imkanlar yarada bilər.
Bəs aztəminatlı ailələrdən olan istedadlı şagirdlərin özəl məktəblərdə dövlət hesabına təhsil alması və xüsusi təmayüllü internat məktəblərinin sayının artırılması Azərbaycanda tətbiq oluna bilərmi?
İstedadlı uşaqlar üçün dövlət hesabına özəl təhsil
Mövzu ilə bağlı danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, belə bir model xarici ölkələrdə tətbiq olunur. Onun sözlərinə görə, yüksək nəticə göstərən, lakin aztəminatlı ailələrdən olan şagirdlərin özəl təhsil müəssisələrində dövlət hesabına oxumasına imkan verən layihələr mövcuddur.
Ekspert qeyd edib ki, Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atmaq mümkündür:
“İmtahan nəticəsində yüksək bal toplayan aztəminatlı ailələrin uşaqlarının dövlət hesabına özəl təhsil müəssisələrində təhsil almasına müvafiq dəstəyin göstərilməsi ilə bağlı layihələr var. Bu layihələrə qoşulan şagirdlər müxtəlif istiqamətlərdə dövlət dəstəyindən faydalanaraq təhsillərini özəl təhsil müəssisələrində davam etdirmək imkanına malik olurlar”.
Kimlərə üstünlük verilə bilər?
R.Nurəliyevin fikrincə, Azərbaycanda belə mexanizm tətbiq edilərsə, xüsusilə respublika fənn olimpiadalarında və müxtəlif müsabiqələrdə yüksək nəticələr əldə edən şagirdlərə üstünlük verilə bilər.
Onun sözlərinə görə, belə şagirdlərin həm özəl təhsil müəssisələrində, həm də dövlət məktəblərində yaradılan təmayül siniflərində təhsil almasına dəstək göstərilməsi mümkündür.
“Potensiallı uşaqları xarici ölkələrdən cəlb edirlərsə, biz öz potensialımızı özümüz də dəyərləndirə bilərik. Öz potensialımızdan istifadə edə bilərik. Bu, dünya dövlətləri tərəfindən həyata keçirilirsə, biz niyə etməyək?” – deyə ekspert vurğulayıb.
Təhsil xərclərini dövlət qarşılamalıdır?
Ekspert hesab edir ki, ailənin maddi imkanlarının məhdud olması istedadlı uşağın keyfiyyətli təhsil almaq imkanını məhdudlaşdırmamalıdır.
Onun sözlərinə görə, şagirdin özəl məktəbdə təhsil alması üçün müəyyən vəsait tələb olunursa, həmin xərclərin dövlət tərəfindən qarşılanması ilə bağlı müvafiq mexanizm hazırlana bilər.
R.Nurəliyev bildirib ki, belə layihə çərçivəsində özəl təhsil müəssisələrinə qəbul zamanı yüksək akademik göstəriciləri, olimpiada və müsabiqələrdə uğurları ilə seçilən şagirdlər müəyyən meyarlar əsasında müəyyənləşdirilə bilər.
“Aztəminatlı ailədən olan, lakin savadlı, olimpiadada yüksək nəticə göstərən və müəyyən potensiala malik şagirdlər varsa, onların bu layihə çərçivəsində təhsil haqları və digər maddi xərcləri dövlət tərəfindən qarşılana bilər”.
Yeni mexanizm necə işləyə bilər?
Beləliklə, təhsil ekspertinin təklif etdiyi modeldə dövlət dəstəyinin yalnız ailənin sosial vəziyyətinə deyil, həm də şagirdin akademik göstəricilərinə və potensialına əsaslanması nəzərdə tutulur.
Bu yanaşmanın Azərbaycanda tətbiqi üçün bir sıra məsələlərin dəqiqləşdirilməsi vacibdir. İlk növbədə, dövlət hesabına təhsil almaq hüququ verən seçim meyarları müəyyənləşdirilməlidir. Eyni zamanda maliyyələşmə mexanizmi, özəl təhsil müəssisələrinin seçimi və dövlət dəstəyindən yararlanacaq şagirdlərin müəyyənləşdirilməsi ilə bağlı şəffaf qaydalar hazırlanmalıdır.
Belə bir model tətbiq edilərsə, maddi imkanları məhdud ailələrdən olan istedadlı uşaqların daha keyfiyyətli təhsil almaq imkanları genişlənə bilər. Bununla yanaşı, dövlət məktəblərində təmayül siniflərinin və xüsusi təmayüllü internat məktəblərinin inkişafı da potensiallı şagirdlərin fərdi bacarıqlarının üzə çıxarılmasına xidmət edə bilər.// Konkret.az
























