Kosovonun paytaxtı Priştinada minlərlə insan Haaqa Məhkəməsinin Kosovo Azadlıq Ordusunun (UÇK) dörd keçmiş rəhbəri ilə bağlı hökmünə etiraz olaraq küçələrə çıxıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Haaqa məhkəməsi Həşim Taçini 25, Kadri Veselini 18, Rəcəb Selimini 13, Yakup Krasniqini isə 25 il müddətinə azadlıqdan məhrum edib. Onlar 1998–1999-cu illər Kosovo müharibəsi zamanı 96 nəfərin öldürülməsi, 303 nəfərin işgəncəyə məruz qalması və 385-dən çox şəxsin qanunsuz saxlanılması ilə bağlı hərbi cinayətlərdə təqsirli biliniblər.
Etirazçılar Priştinada Avropa İttifaqının Kosovodakı missiyası olan EULEX-in binasına doğru yürüş ediblər. Nümayişçilər binaya daş, şüşə butulkalar, səki daşları və fişənglər atıb, qapı və hasarları təpikləyərək əraziyə daxil olmağa cəhd ediblər.
Kosovo polisi ilə etirazçılar arasında qarşıdurma baş verib. Polis nümayişçilərin EULEX-in ərazisinə daxil olmasına imkan verməyib.
Haaqa şəhərində də məhkəmə binasının qarşısında etirazçılarla Niderland polisi arasında toqquşmalar yaşanıb.
Kosovonun Baş naziri Albin Kurti hökmü “qəbuledilməz ədalətsizlik” adlandırıb. Məhkum edilən şəxslərin hər biri ittihamları rədd edir və Kosovoda müstəqillik uğrunda mübarizənin qəhrəmanları kimi qəbul olunurlar.
Jalə
























