ABŞ-ın CBS News telekanalının əldə etdiyi eksklüziv fotolarda İranın raket və pilotsuz uçuş aparatları ilə hücumlarından sonra Yaxın Şərqdəki ABŞ hərbi mövqelərinə dəymiş genişmiqyaslı ziyan əks olunub.
İNFOAZ.MEDİA xəbər verir ki, anonim aktiv hərbçilər tərəfindən təqdim edilən görüntülərdə Səudiyyə Ərəbistanı və Küveytdə yerləşən ABŞ bazalarında dağıdılmış binalar, nəqliyyat vasitələri və hərbi texnikalar görünür.
Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasında “Boeing E-3 Sentry” erkən xəbərdarlıq təyyarəsinin İran hücumu zamanı vurulduğu və quyruq hissəsinin qopduğu bildirilib.
Küveytdəki Buehrinq və Ərifcan düşərgələrində isə kazarmaların, treylerlərin və nəqliyyat vasitələrinin zədələndiyi əks olunub.
CBS News-a danışan hərbçilərdən biri bazalara dəymiş ziyanın ABŞ ictimaiyyətinə çatdırılmadığını iddia edib.
“Bu, bazalarımıza dəyən böyük ziyandır. Biz gözlərimizi yumub üzümüzə yumruq vurulmasını gözləyirik”, – deyə hərbçi bildirib.
Digər hərbçi isə ABŞ-ın bazaların müdafiəsi ilə bağlı imkanlarını tənqid edib: “Biz bu bazaları müdafiə etmirik. Sadəcə onların məhv edilməsini izləyirik”.
Jalə
























