Yəməndəki husilər Səudiyyə Ərəbistanına qarşı iki yeni hücum həyata keçirdiklərini açıqlayıblar.
İNFOAZ.MEDİA xəbər verir ki, husilərin iddiasına görə, Yanbudakı “Saudi Aramco” obyektləri onlarla ballistik raket və pilotsuz uçuş aparatı ilə vurulub. Hücum nəticəsində böyük yanğınların və genişmiqyaslı dağıntıların baş verdiyi bildirilib.
Həmçinin Khamis-Müşeyt aviabazasına ballistik raketlərlə zərbə endirildiyi iddia olunub.
Husilər hücumların bu həftə Səudiyyə Ərəbistanının Yəmənə endirdiyi 450-dən çox hava zərbəsinə cavab olduğunu bildiriblər.
Yanbu ilə bağlı iddia xüsusi diqqət çəkir. Belə ki, bu limana neft nəql edən boru kəmərinin sentyabrın 10-da baş vermiş hücumdan sonra fəaliyyətini dayandırdığı və “Saudi Aramco”nun Avropaya neft tədarükünü ləğv etdiyi bildirilir. Obyektlərin zədələnməsi halında bu, enerji təchizatındakı fasilələri daha da dərinləşdirə bilər.
Husilərin hücumlarla bağlı iddiaları hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Qrup Səudiyyə Ərəbistanının dərinliklərinə zərbələri davam etdirəcəyini açıqlayıb və bunu “blokadaya qarşı blokada, eskalasiyaya qarşı eskalasiya” prinsipi ilə əsaslandırıb.
Rauf
























