Səudiyyə Ərəbistanı daha uzaq məsafələrə uça və daha ağır döyüş başlıqları daşıya bilən ballistik raketlərin istehsalı üçün müəssisəsini genişləndirir. Bu barədə “Reuters” nəşri ABŞ tədqiqatçılarının peyk görüntüləri əsasında apardığı təhlilə istinadən məlumat yayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, paytaxt Ər-Riyaddan təxminən 200 kilometr qərbdə yerləşən əl-Dəvadimi raket kompleksində yeni tikililər aşkarlanıb. Tədqiqatçılar yeni binanın bərk yanacaqlı raket mühərriklərinin istehsalı üçün nəzərdə tutula biləcəyini bildirirlər. Onun ölçüsünün mövcud istehsal sahəsindən ən azı iki dəfə böyük olduğu qeyd olunur.
ABŞ-ın Xarici Siyasət Araşdırmaları İnstitutunun tədqiqatçıları Sem Leyr və Maykl Doytsmanın təhlilinə əsasən, müəssisə ilin sonunadək raket istehsalına başlaya bilər. Bununla belə, istehsalın dəqiq vaxtı hələ məlum deyil.
Mütəxəssislər kompleksin Çin texnologiyalarından istifadə etməklə fəaliyyət göstərdiyini ehtimal edirlər. Yeni istehsal imkanları Səudiyyə Ərəbistanına İranı daha uzaq məsafədən hədəfə almaq və hərbi imkanlarını gücləndirmək imkanı verə bilər.
Bununla yanaşı, Səudiyyə Ərəbistanının raket arsenalını genişləndirməsi Yaxın Şərqdə silahlanma rəqabətini daha da gücləndirə bilər.
Jalə
























