İran ABŞ və İsrailin hava zərbələrini yenidən başlaması halında qonşu Körfəz ölkələrindəki hava limanlarına, neft boru kəmərlərinə və digər mülki infrastruktura hücum edə biləcəyi barədə xəbərdarlıq edib.
İNFOAZ.MEDİA-nın “The Wall Street Journal”a istinadən yaydığı məlumata görə, Tehran bu barədə vasitəçilərə də məlumat verib. İranın mümkün cavab tədbirlərinin ABŞ hərbi qüvvələrinə və regionun iqtisadi infrastrukturuna qarşı daha geniş hücumları əhatə edə biləcəyi bildirilir.
İran rəsmiləri Hörmüz boğazının altından keçən sualtı internet kabellərinin də hədəfə alına biləcəyini bəyan ediblər. Əvvəlki hücumlar zamanı Birləşmiş Ərəb Əmirliklərindəki sənaye və enerji obyektləri, Qətərdəki qaz infrastrukturu, eləcə də Dubay, Küveyt və Bəhreyndəki hava limanları zərər görüb.
Məlumata görə, ABŞ Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir. Diplomatik danışıqlarda irəliləyişin olmaması və tərəflərin hərbi hazırlıqları regionda münaqişənin yenidən genişlənməsi ilə bağlı narahatlıqları artırır.
Bununla yanaşı, İranın mümkün hücumlarının regionun enerji təchizatına və qlobal neft bazarına ciddi təsir göstərə biləcəyi ehtimal edilir.
Jalə
























