Azərbaycanda dövlət idarəetmə sistemində mümkün struktur dəyişiklikləri və bəzi nazirliklərin birləşdirilməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Ekspertlər hesab edirlər ki, belə addımlar yalnız büdcə xərclərinin azaldılmasına deyil, idarəetmədə çevikliyin və effektivliyin artırılmasına hesablanmalıdır. Bununla yanaşı, bəzi mütəxəssislər düşünür ki, sistemli yanaşma olmadan həyata keçirilən birləşmələr gözlənilən nəticəni verməyə bilər.
Görəsən, yaxın gələcəkdə Azərbaycanda bir sıra nazirliklərin birləşdirilməsi real görünürmü?
İqtisadçı Asif İbrahimov bildirib ki, Azərbaycan postsovet məkanında dövlət sektorunda çalışanların sayının çoxluğu ilə seçilən ölkələrdən biridir:
“Azərbaycan və Belarusun adını xüsusi çəkərdim ki, dünyada ən çox məmur sayına malik ölkələr sırasındadırlar. Təhlillər göstərir ki, Azərbaycanda aktiv əmək qabiliyyətli əhalinin təxminən 50-55 faizi dövlət tərəfindən maliyyələşən qurumlarda çalışır. Bu isə faktiki olaraq SSRİ dövründən qalma idarəetmə modelinin davam etdiyini göstərir.
İlk növbədə hökumət fəaliyyət istiqamətlərini düzgün planlaşdırmalıdır. Bundan sonra həmin istiqamətlərə uyğun nazirlik və strukturlar formalaşdırılmalıdır. Azərbaycanda əsas problem üfiqi və şaquli məsuliyyət bölgüsünün düzgün aparılmamasıdır. Hazırda da bu məsələ tam həllini tapmayıb”.
Ekspert qeyd edib ki, struktur dəyişiklikləri spontan şəkildə deyil, sistemli yanaşma əsasında həyata keçirilməlidir:
“Beynəlxalq praktikada bəzi qurumlar ləğv edilir və yenidən formalaşdırılır. Azərbaycandakı təcrübə isə göstərir ki, hansısa sahəni idarə etmək mümkün olmayanda yeni komitə yaradılır, bir müddət sonra həmin komitə başqa quruma birləşdirilir, daha sonra yenidən dəyişiklik edilir. Bu cür yanaşma doğru deyil”.
Asif İbrahimovun fikrincə, əvvəlcə dövlətin fəaliyyət prosesləri müəyyən edilməli, daha sonra oxşar istiqamətlər vahid struktur altında birləşdirilməlidir:
“Yaxın və əlaqəli proseslər eyni strukturda toplana bilər, fərqli istiqamətlər isə ayrıca idarə olunmalıdır. Eyni zamanda bu qurumlar arasında qarşılıqlı əlaqə mexanizmi qurulmalıdır. İdarəetmədə buna sistem yanaşması deyilir”.
İqtisadçı hesab edir ki, hazırda mümkün birləşmələrin əsas məqsədi xidmət keyfiyyətinin artırılmasından daha çox büdcə xərclərinin azaldılması təsiri bağışlayır:
“Əgər məqsəd yalnız xərclərin azaldılmasıdırsa, burada ciddi effektivlik görmürəm. Əsas hədəf idarəetmənin keyfiyyətinin yüksəldilməsi olmalıdır. Sistem yanaşması tətbiq edilərsə, o zaman gözlənilən nəticələri əldə etmək mümkündür”.// Konkret.az
























