“2027-ci ildən XI sinif buraxılış imtahanında xarici dil üzrə yazı tapşırığının tətbiqini müsbət yenilik hesab edirəm. Çünki xarici dil bilmək yalnız sözləri əzbərləmək, qrammatik qaydaları öyrənmək və test suallarını düzgün cavablandırmaq deyil. Əsas məsələ həmin dildə öz fikrini aydın və düzgün ifadə edə bilməkdir. Şagird qaydaları yaxşı bilə bilər, amma sadə bir mövzuda fikrini yazılı şəkildə çatdıra bilmirsə, deməli, onun dil bacarıqlarında müəyyən boşluqlar var”.
Bu fikirləri təhsil eksperti, Politecnico di Torino Universitetinin doktorantı Etibar Vəzirov açıqlamasında səsləndirib.
“Bu yenilik şagirdlərin biliklərini daha dolğun qiymətləndirməyə imkan yaradacaq. Artıq onlar yalnız düzgün cavabı seçməklə kifayətlənməyəcək, öyrəndiklərini praktik şəkildə tətbiq etməli olacaqlar. Bu da məktəblərdə xarici dilin tədrisinə müsbət təsir göstərə bilər.
Ancaq imtahanın formatını dəyişmək kifayət deyil, tədris prosesi də buna uyğun qurulmalıdır. İllərlə əsasən test həll edən şagirddən birdən-birə sərbəst mətn yazmasını gözləmək düzgün olmaz. Buna görə məktəblərdə şagirdlərə mütəmadi olaraq sadə mövzularda yazı yazmaq öyrədilməli, müəllimlər isə onların səhvlərini izah edərək inkişafına kömək etməlidirlər”.
Ekspert vurğulayır ki, eyni zamanda, qiymətləndirmə qaydaları əvvəlcədən aydın olmalı, bütün məktəblər, xüsusilə region məktəbləri üçün kifayət qədər hazırlıq materialları təqdim edilməlidir.
“Valideynlər də bilməlidirlər ki, bu yenilik uşaqların mütləq əlavə repetitor yanına getməsi demək deyil. Əsas hazırlıq məktəbdə aparılmalıdır.
Məqsəd imtahanı çətinləşdirmək deyil, şagirdlərə xarici dildə öz fikirlərini ifadə etməyi öyrətmək olmalıdır. Bu yanaşma düzgün tətbiq edilərsə, uşaqların həm gələcək təhsilində, həm də gündəlik həyatda xarici dildən daha rahat istifadə etməsinə kömək edəcək”.// Konkret.az
























