Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkədə yerləşən Rusiya hərbi bazası ilə bağlı açıqlaması Moskvanın diqqətindən yayınmayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Paşinyanın açıqlamasına ironik şəkildə münasibət bildirib.
Qeyd edək ki, Paşinyan Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ölkənin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımadığını bildirib. Baş nazirin sözlərinə görə, Ermənistan hakimiyyəti hələlik bazanın ölkədən çıxarılması məsələsini qaldırmayıb. Bununla belə, Rusiya özü belə qərar qəbul edərsə, İrəvan buna etiraz etməyəcək.
Paşinyan həmçinin qeyd edib ki, Moskva hərbi obyektin Ermənistanda fəaliyyətini davam etdirməkdə maraqlıdırsa, rəsmi İrəvan bazanın gələcək statusunu müzakirə etməyə hazırdır.
Mariya Zaxarova isə özünün “Telegram” kanalında Paşinyanın açıqlamasına məşhur rus yazıçısı Mixail Bulqakovun “İt ürəyi” əsərindən sitatla cavab verib:
“Siz kişisiniz, yoxsa qadın?”
Zaxarovanın bu paylaşımı Paşinyanın Rusiya hərbi bazasının Ermənistandakı gələcəyi ilə bağlı mövqeyinə ironik münasibət kimi qiymətləndirilir.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























