UEFA İcraiyyə Komitəsi qarşıdakı mövsümlərdə avrokubokların final qarşılaşmalarının keçiriləcəyi stadionları təsdiqləyib.
Bununla bağlı qərarlar UEFA İcraiyyə Komitəsinin Yunanıstanın Saloniki şəhərində keçirilən iclasında qəbul olunub.
Qərara əsasən, UEFA Çempionlar Liqasının 2028-ci il finalı Almaniyanın Münhen şəhərindəki “Münhen Arena”da keçiriləcək. 2029-cu ilin həlledici qarşılaşmasına isə İspaniyanın Barselona şəhərində yerləşən “Kamp Nou” stadionu ev sahibliyi edəcək.
Qadınlar arasında Çempionlar Liqasının 2028-ci il finalı Fransanın Lion-Desin şəhərindəki “Park Olimpik Lionne” stadionunda, 2029-cu il finalı isə Uelsin Kardiff şəhərindəki “Milli Stadion”da təşkil olunacaq.
UEFA Avropa Liqasında 2028-ci ilin final qarşılaşmasının ünvanı Rumıniyanın Buxarest şəhərindəki “Milli Arena” olacaq. 2029-cu ildə isə bu turnirin finalı Serbiyanın Belqrad şəhərindəki “Milli Stadion”da keçiriləcək.
UEFA Konfrans Liqasının 2028-ci il finalına İtaliyanın Turin şəhərindəki “Yuventus Stadionu”, 2029-cu il finalına isə Macarıstanın Budapeşt şəhərindəki “Puşkaş Arena” ev sahibliyi edəcək.
UEFA Superkuboku uğrunda qarşılaşmanın 2027-ci ildə Niderlandın Amsterdam şəhərindəki “Yohan Kroyf Arena”da, 2028-ci ildə isə Qazaxıstanın Astana şəhərindəki “Astana Arena”da keçirilməsi qərara alınıb.
Futzal üzrə Çempionlar Liqasının 2027-ci il final mərhələsi isə İsveçrənin “Biel/Bienne Arena” idman kompleksində təşkil olunacaq.
İclasda, həmçinin 2026/2027 mövsümündə UEFA Millətlər Liqasının pley-off mərhələsi ilə bağlı dəyişikliklər təsdiqlənib. Bu dəyişikliklərin turnirin 2028/2029 mövsümündən etibarən dörd deyil, üç liqadan ibarət yeni formatına keçidi asanlaşdıracağı bildirilib.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin növbəti toplantısı dekabrın 7-də Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək.
























