Həyət evlərinin qarşısındakı boş sahələri öz mülkiyyəti kimi istifadə edən bəzi vətəndaşlar hüquqi problemlərlə üzləşə bilər. Qapı önündə gül əkmək, hasar çəkmək və ya avtomobil üçün yer ayırmaq yalnız həmin torpaq sahəsi rəsmi şəkildə onların adına sənədləşdirildiyi halda qanuni sayılır.
Məsələ ilə bağlı deputat Tahir Rzayev bildirib ki, əgər sözügedən ərazi şəxsin mülkiyyətində deyilsə, orada hər hansı tikinti aparmaq və ya dəyişiklik etmək qadağandır. Bu cür sahələr çox vaxt bələdiyyələrin balansında olur və istifadə üçün əvvəlcədən razılıq alınmalıdır.
Onun sözlərinə görə, yaşıllaşdırma işləri müəyyən hallarda mümkün olsa da, bu da rəsmi şəkildə razılaşdırılmalıdır. Əks halda gələcəkdə torpaqla bağlı problemlər yarana bilər. Avtomobillərin saxlanmasına gəldikdə isə, bunun üçün xüsusi ayrılmış yerlərdən istifadə olunması daha məqsədəuyğundur.
Deputat əlavə edib ki, vətəndaşlar qanunlara əməl etməli və bütün addımlarını hüquqi çərçivədə atmalıdırlar. Bu, həm mübahisələrin qarşısını alır, həm də insanların daha təhlükəsiz və nizamlı şəraitdə yaşamasına imkan yaradır. /milliaz
























